Son aylarda ABŞ Kubadakı kəşfiyyat qüvvələrinin sayını artıraraq ölkə hakimiyyətinə islahatlar keçirmək və ya istefaya getmək məqsədilə təzyiq göstərir.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə "Politico" mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, bu cür addımlar müxtəlif ssenarilərdən əvvəl atıla bilər - Kuba məmurlarını və vətəndaşlarını hakimiyyətə qarşı çıxışa sövq etmək cəhdlərindən tutmuş, ABŞ-nin mümkün hərbi əməliyyatına qədər. Mənbələrdən biri kəşfiyyatın gücləndirilməsini mühüm taktiki addım adlandırıb ki, bu, nəzəri olaraq hərbi müdaxilə üçün zəmin hazırlaya bilər, eyni zamanda, hələlik konkret planların olmadığını vurğulayıb.
"Politico"nun həmsöhbəti bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubada dəyişikliklərə nail olmaq üçün kəşfiyyat icmasının resursları da daxil olmaqla, bütün ənənəvi alətlərdən istifadə etmək niyyətindədir.
Tramp əvvəllər Vaşinqtonun Kubaya qarşı hərbi əməliyyat planlaşdırmadığını, onun öz-özünə süqut edəcəyini bəyan etsə də, sonradan o, ritorikasını sərtləşdirib.
Havana isə, öz növbəsində, mümkün müdaxilənin dəf edilməsinə hazırlığa başlayıb.
Əvvəllər xəbər verilmişdi ki, Vaşinqton administrasiyası 2026-cı ilin sonuna qədər Kubada hakimiyyəti dəyişdirməyi planlaşdırır. ABŞ adaya neft blokadası ilə də təzyiq göstərir. Onun tətbiqindən qısa müddət sonra Havana iqtisadi və enerji böhranları ilə üzləşib.
