Fransada Baş nazirin xidmətlərində baş vermiş intiharlarla bağlı istintaq başlayıb

A- A A+

Fransada Baş nazirin xidmətlərində çalışan bir neçə dövlət qulluqçusunun intihar etməsi və intihara cəhd göstərməsindən sonra Paris Prokurorluğu "mənəvi təzyiq" və "başqalarının həyatını təhlükəyə atma" iddiaları üzrə ilkin istintaqa başlayıb.

NUHÇIXAN xəbər verir ki, araşdırma iyunun 25-də Baş nazirin yazışmalar xidmətində çalışan və təhlükəsizlik səbəbindən adı dəyişdirilmiş Flore adlı dövlət qulluqçusunun dörd rəhbəri barəsində verdiyi şikayətdən sonra açılıb. O, rəhbərlik tərəfindən uzun müddət sistemli psixoloji təzyiqə məruz qaldığını bildirib. Flore iki ay əvvəl Parisdə dəmiryol relslərinin üstünə atılaraq intihara cəhd göstərib, son anda xilas edilib.

Həmin gün Baş nazirin xidmətlərində çalışan işçilərin nümayəndəsi də prokurorluğa müraciət edərək, işəgötürənin əməkdaşları qorumaq öhdəliyini yerinə yetirmədiyini iddia edib. Müraciətdə son aylarda müxtəlif dövlət xidmətlərində 2 intihar, 2 intihara cəhd və 2 şübhəli ölüm hadisəsinin qeydə alındığı diqqətə çatdırılıb.

Sənəddə qeyd olunub ki, 2025-ci ilin oktyabrında 1 əməkdaş iş yerində intihara cəhd edib. 2026-cı ilin martında 2 dövlət qulluqçusu həyatına son qoyub. İyun ayında isə hökumət binalarından birində gənc əməkdaşın meyiti aşkarlanıb.

Florenin vəkili Kristel Mazza iş şəraitinin pisləşməsini 2024-cü ildə Milli Assambleyanın buraxılması və ardıcıl hökumət dəyişikliklərindən sonra yaranan institusional qeyri-sabitliklə əlaqələndirib. Onun sözlərinə görə, dövlət xidmətlərində təkrarlanan bu cür intiharlar "dövlət miqyaslı qalmaqal" kimi qiymətləndirilməlidir.

Baş nazirin administrasiyası isə psixososial risklərin qarşısının alınmasının uzun müddətdir prioritet olduğunu bildirərək qeyd edir ki, hər bir hadisə ayrıca araşdırılır və inzibati prosedurlar çərçivəsində qiymətləndirilir. Qurum vurğulayıb ki, adıçəkilən əməkdaşların heç biri birbaşa Baş nazirin kabinetində çalışmayıb və hazırda bütün araşdırmalar davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: