Afrika və inkişaf etməkdə olan ölkələrdə milyonlarla insan üçün biomüxtəliflik böhranı mücərrəd problem deyil, bu, həmçinin bol məhsul verməyən torpaq və sahil sularına qayıtmayan balıqlar deməkdir. Lakin bəşəriyyət təbiəti qorumaq əvəzinə, onu məhv etməyə 30 dəfə çox pul xərcləyir. Ən çox mənfi təsirə məruz qalan Afrikada bu böhranı həll etmək üçün lazımi resurslar çatışmır.
NUHÇIXAN xəbər verir ki, bu barədə BMT-nin Biomüxtəliflik Konvensiyası çərçivəsində Nayrobidə keçirilən böyük elmi forumda bildirilib.
Biomüxtəliflik təbii ekosistemləri qorumaqla yanaşı, həm flora, həm də faunanın müxtəlif növləri ilə, habelə qida və dərmanlar vasitəsilə insanların həyatını dəstəkləyir.
Biomüxtəliflik Konvensiyasının icraçı katibi Astrid Şokemaker qeyd edib: “Məhz biomüxtəliflik sayəsində qida məhsulları əldə edirik. Biomüxtəliflik bizə təmiz su verir, iqlim dəyişikliyi ilə mübarizə aparmağa kömək edir. Bütün bu məsələlər hamımız üçün vacibdir”. O, həmçinin Afrikanın iqlim şoklarına xüsusilə həssas olduğunu vurğulayıb.
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) xəbərdarlıq edib ki, dünyada qazıntı yanacaqları və özəl sənaye xərcləri səbəbindən biomüxtəlifliyin itirilməsi prosesi xeyli sürətlənib. Temperaturun artması, invaziv növlər, çirklənmə, torpaq və suyun həddindən artıq istismarı kənd və sahil icmalarının qida, gəlir, təmiz su üçün etibar etdiyi resursları tükəndirir.
Bütün bu məsələlər avqustun 12-nə qədər Nayrobidə keçirilən iclasda müzakirə olunur. İştirakçı ölkələr hazırda biomüxtəlifliyin milli qərar qəbuletmə prosesinə daxil edilməsi, maliyyə institutlarının müzakirəyə qatılması və boşluğu aradan qaldırmaq üçün lazım olan maliyyə vəsaitinin toplanması məsələləri ətrafında fikir mübadiləsi aparır.
Qeyd olunub ki, 125 ölkə tərəfindən UNEP-ə təqdim edilən hesabatlar biomüxtəlifliyin itirilməsi böhranının həllinə qlobal miqyasda marağın artdığını göstərir.
Forumun tövsiyələri oktyabrın 19-da başlayacaq Biomüxtəliflik Konvensiyası tərəflərinin iki ildən bir keçirilən COP17 iclasında üzv dövlətlərin danışıqlarına və qərarlarına təsir edəcək.
