Aprelin 25-də Pekində keçirilən “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etməməsi onu tənqid hədəfinə çevirib.
NUHÇIXAN-ın məlumatına görə, Ermənistanın “Armenia report” saytı yazır ki, müxalifətdə olan Paşinyan mitinqlərdə çıxış edərək Sarkisyan iqtidarını tənqid edərək bildirirdi ki, yanlış siyasət ucbatından ölkə enerji, nəqliyyat və iqtisadi blokada vəziyyətinə düşüb. Hal bu ki, Ermənistan Asiya ilə Avropa arasında tranzit rolunu oynaya bilər və dövlət büdcəsinə valyuta axınını təmin edər. İndi Paşinyan artıq müxalifət lideri deyil, ölkənin baş naziridir. Belə olan halda o dediyi sözlərin və verdiyi vədlərin həyata keçməsi üçün niyə heç bir iş görmür?
Müəllif Tevos Arşakyan yazır ki, Pekində keçirilən tədbirdə Azərbaycan, Gürcüstan və Rusiya yüksək səviyyədə təmsil olundu. Dünyanın 60-dan çox ölkəsinin iştirak etdiyi forumda ticarət və nəqliyyat dəhlizlərinin yaradılması, tranzit yüklərin daşınması və sair bu kimi məsələlər müzakirə edilib. Forum çərçivəsində ümumi dəyəri 64 milyard dollar olan 283 müqavilə imzalanıb. Azərbaycan və Gürcüstan da bu müqavilələrdə iştirak edərək öz iqtisadi vəziyyətlərini daha da yaxşılaşdırmağa çalışdılar. Lakin Ermənistanı bu tədbirdə təbiəti mühafizə naziri ilə təmsil olundu və Çin ilə ekologiyanın mühafizəsi sahəsində əməkdaşlıq haqqında protokol imzaladı. Müəllif ironik tərzdə sual qoyur: Görəsən təbiətin mühafizə naziri Erik Qriqoryanın ekologiyanın mühafizəsinə dair imzaladığı sənəd Ermənistan iqtisadiyyatının dirçəlməsinə necə təsir göstərəcək?
Yazıda nəzərə çatdırılıb ki, Paşinyanın başı daha çox hakimiyyətini möhkəmləndirməyə qarışıb. Ölkənin problemlərinə isə nəinki ikinci, heç üçüncü dərəcəli məsələ kimi də baxılmır.