Almaniyanın Baş Prokurorluğu Leypsiq-Halle hava limanında partlayıcı maddə ilə təchiz olunmuş pilotsuz uçuş aparatının (PUA) aşkarlanması ilə bağlı istintaqı işin xüsusi əhəmiyyətini nəzərə alaraq icraatına götürüb.
NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, qurum hadisəni ölkənin nəqliyyat və logistika infrastrukturuna qarşı yönəlmiş ciddi hücum kimi qiymətləndirir.
İlkin araşdırmalar PUA-nın peşəkar partlayıcı qurğu və detonatorla təchiz edildiyini göstərir. Bundan əlavə, hadisə zamanı hava limanının yaxınlığında yük təyyarəsinin daha bir naməlum uçan obyektlə toqquşduğu ehtimal edilir.
Xatırladaq ki, insidentdən sonra Leypsiq-Halle hava limanında uçuşlar müvəqqəti dayandırılmış, bir neçə reys digər hava limanlarına yönləndirilmişdi.
Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt hadisə yerinə gələrək, insidentin yüksək peşəkarlıqla planlaşdırılmış “hibrid hücum ssenarisi” olduğunu bildirmiş və mümkün xarici izlərin də istintaq çərçivəsində araşdırıldığını qeyd etmişdi.
Bu hadisə Almaniyada kritik infrastrukturun pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərə qarşı müdafiəsinin gücləndirilməsi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb.
