Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

A- A A+

2027-ci ildə Fransada keçiriləcək prezident seçkisi öncəsi Sosialist Partiyasının partiyadaxili seçkisində iştirak etmək üçün 15 avro ödənişin nəzərdə tutulması narazılığa səbəb olub.

NUHÇIXAN xəbər verir ki, partiyanın Ör departamentindən olan deputatı və partiyadaxili birinciliyə namizədliyini irəli sürən Filipp Brün məsələ ilə bağlı narazılığını bildirib. O, “Franceinfo”ya müsahibəsində deyib ki, bu ödəniş minlərlə seçicinin partiyadaxili seçkidə iştirak imkanını məhdudlaşdıracaq.

Filipp Brün diqqətə çatdırıb ki, Sosialist Partiyasının rəhbərliyi bu qərarı dəyişməsə, o, azgəlirli vətəndaşların partiyadaxili seçkidə iştirakını təmin etmək məqsədilə xüsusi fond yaradacaq.

O hesab edir ki, partiyadaxili seçkidə iştirak haqqı maksimum 5 avro olmalıdır.

Sol siyasi düşərgədə prezident seçkisi ərəfəsində namizədlərin sayının artmasına da münasibət bildirən Brün bunun qarşısını almağın ən yaxşı yolunun partiyadaxili seçki olduğunu deyib. 34 yaşlı siyasətçi özünü xalqın problemlərini dilə gətirən solçuların nümayəndəsi kimi təqdim edərək bildirib ki, onun gündəmində yanacağın bahalaşması, mənzillərin qiymətlərinin artması və dövlət xidmətlərinin vəziyyəti kimi sosial-iqtisadi məsələlər dayanır.

Filipp Brünün sözlərinə görə, geniş ictimaiyyət üçün əlçatan partiyadaxili seçki həm solçu elektoratın birliyini qorumağa, həm də 2027-ci il prezident seçkisi öncəsi güclü vahid namizədin müəyyənləşdirilməsinə imkan verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: