Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

A- A A+

Fransada işsizlik səviyyəsi cari ilin ikinci rübündə 0,2 faiz bəndi artaraq 8,3 faizə çatıb. Bununla da göstərici ardıcıl altıncı rübdə yüksəlib və 2020-ci ilin payızından bəri ən yüksək səviyyəyə çatıb.

NUHÇIXAN xəbər verir ki, Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (“Insee”) məlumatına görə, ölkədə işsizlərin sayı 62 min nəfər artaraq 2,7 milyon nəfərə çatıb. Bundan əlavə, işləmək istəyən, lakin aktiv şəkildə iş axtarmayan və ya dərhal işə başlaya bilməyən 1,9 milyon nəfər “işsizliyin kölgə zonası”na daxil edilib.

İşsizlik bütün yaş qruplarında artıb. Ən yüksək göstərici 15-24 yaşlı gənclər arasında qeydə alınıb – 21,6 faiz. 25-49 yaş qrupunda işsizlik 7,5 faizə, 50 yaş və yuxarı şəxslər arasında isə 5,5 faizə yüksəlib.

“Insee” işsizlikdəki artımın bir hissəsini 2025-ci ilin yanvarında qüvvəyə minən “Tam məşğulluq haqqında” Qanunun tətbiqi ilə əlaqələndirir. İslahat nəticəsində RSA alan şəxslərin və müəyyən kateqoriyadan olan gənclərin “France Travail”da avtomatik qeydiyyatı həyata keçirilib.

Eyni zamanda, bu ilin ikinci rübündə Fransanın özəl sektorunda 19 min 300 iş yeri azalıb. İllik ifadədə isə özəl sektor 79 min 700 iş yeri itirib. Ən ciddi geriləmə müvəqqəti məşğulluq, tikinti, sənaye və kənd təsərrüfatı sahələrində qeydə alınıb.

Bununla belə, özəl sektorda məşğulluq pandemiyadan əvvəlki dövrlə müqayisədə hələ də yüksəkdir. 2019-cu ilin sonu ilə müqayisədə hazırda təxminən 1 milyon, yaxud 5 faiz daha çox iş yeri mövcuddur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: