Ukrayna Avropa Komissiyasına müraciət edərək Rusiyanın Odessa limanlarına hücumları nəticəsində dəniz yolu ilə ixracın bloklanmasından zərər çəkmiş kiçik və orta aqrar məhsul istehsalçılarının kredit faizlərinin kompensasiyası üçün əvəzsiz yardım şəklində 220 milyon avro ayrılmasını xahiş edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın Aqrar Siyasət və Ərzaq Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Rusiyanın dəniz yolu ilə ixracı bloklaması səbəbindən minlərlə ukraynalı fermer artıq yetişmiş məhsulu sata və işi davam etdirmək üçün vəsait əldə edə bilmir. Məhz buna görə də biz kreditlər üzrə faizləri kompensasiya etməklə ukraynalı istehsalçıları dəstəkləmək təklifi ilə Avropa Komissiyasına müraciət etdik. Bu, fermerlərə likvidliyi qoruyub saxlamağa, payızlıq səpin kampaniyası keçirməyə və məhsulların məcburi olaraq aşağı qiymətə satışı ilə üzləşməməyə imkan verəcək", – qurumun mətbuat xidməti nazir Taras Vısotskidən sitat gətirir.
Nazirliyin qiymətləndirmələrinə görə, 2026/27-ci marketinq ilində (2026-cı ilin iyulu - 2027-ci ilin iyunu) Ukrayna təqribən 64,4 milyon ton aqrar məhsul ixrac etməlidir, lakin dəniz limanlarının işindəki uzunmüddətli məhdudiyyətlər səbəbindən bu göstərici demək olar ki, iki dəfə – təqribən 29,6 milyon tona qədər azala bilər.
