Fransada 2027-ci il prezident seçkiləri yaxınlaşdıqca xarici müdaxilə və dezinformasiya təhlükəsi siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Son həftələrdə prezidentliyə mümkün namizədlər – Edouard Filip, Rafael Qlüksmann və Qabriel Attal Rusiya mənşəli saxta məlumat kampaniyalarının hədəfinə çevriliblər.
NUHÇIXAN xəbər verir ki, Fransanın xarici rəqəmsal müdaxilələrlə mübarizə aparan “Viginum” xidməti avqustun 4-də Qabriel Attala qarşı həyata keçirilən informasiya əməliyyatını aşkarlayıb. Saxta reportajlar, videolar və Fransa mediasının – “RFI”, “BFMTV”, “France 24”, “AFP”, “Le Monde” və digər nəşrlərin vizual kimliyindən istifadə edilərək, hazırlanmış materialların Rusiyayönümlü “Matrioşka” şəbəkəsi ilə əlaqəli olduğu bildirilib.
Qabriel Attal bu hücumlardan sonra Kreml tərəfindən gələcəkdə də siyasi namizədlərə qarşı belə əməliyyatların davam etdirilə biləcəyini bildirib. Onun komandası isə kiberhücumlara qarşı əlavə təhlükəsizlik tədbirləri gördüyünü açıqlayıb.
Daha əvvəl Edouard Filip və Rafael Qlüksmann da saxta məlumat kampaniyalarının hədəfinə çevrilmişdilər. Filipin səhhəti ilə bağlı yayılan yalan xəbərlər onun tərəfdarları tərəfindən xarici müdaxilə cəhdi kimi qiymətləndirilib. Rafael Qlüksmann isə sosial şəbəkələrdə yayılan saxta məlumatlarla bağlı bildirib ki, bu hücumlar 2027-ci il seçki kampaniyasında daha geniş miqyas ala bilər. “Bu hücum qarşıdan gələnlərin yalnız başlanğıcıdır. 2027-ci il kampaniyası kütləvi müdaxilələrlə yadda qala bilər”, – deyə Qlüksmann xəbərdarlıq edib.
Xarici müdaxilə təhlükəsi Fransa hökumətini də hərəkətə keçirib. Baş nazir Sebastyən Lökornü bildirib ki, seçki proseslərinin etibarlılığını qorumaq üçün yeni qanun layihəsi hazırlanır. Hökumətin planına əsasən, seçki dövründə saxta məlumatların yayılmasına görə cəzalar sərtləşdiriləcək. Yeni mexanizm belə hallarda cəzanın üç ilədək həbsə və 45 min avro cəriməyə qədər artırılmasını nəzərdə tutur. Bundan əlavə, aşkarlanmış xarici müdaxilə hallarının siyasi partiyalar və aidiyyəti qurumlarla avtomatik paylaşılması üçün xüsusi protokol yaradılacaq.
Fransanın “Əyilməz Fransa” (La France insoumise LFİ) partiyasının lideri Jan-Lük Melanşon prezidentliyə namizədləri seçki kampaniyasını pozmağa yönəlmiş müdaxilələrə qarşı ümumi cəbhə yaratmağa çağırıb. Bununla belə, Fransada müzakirələr yalnız xarici dezinformasiyalarla məhdudlaşmır. Bəzi siyasətçilər sosial şəbəkələrin, xüsusilə də X platformasının alqoritmlərinin demokratik proseslərə təsiri barədə də narahatlıq ifadə edirlər.
