Yaponiyanın Amami adalarında və Okinava prefekturasında güclü "Delfin" tayfunu səbəbindən 56 minə yaxın ev təsərrüfatı elektrik enerjisiz qalıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Yaponiyanın milli ictimai televiziyası məlumat yayıb.
Tayfunun okean üzərində olduğu ərazidə küləyin sürəti 60 m/s-ə, Okinavanın inzibati mərkəzi Naha şəhərində isə 30 m/s-ə çatır. "Delfin" tayfunu güclü leysan yağışları ilə də müşayiət olunur. Sinoptiklərin qiymətləndirməsinə görə, avqustun 9-u səhər saatlarına qədər Okinavada 180 millimetrədək yağıntı düşə bilər.
Hazırda tayfun saatda təxminən 15 kilometr sürətlə Çinin sahilləri istiqamətində hərəkət edir.
