Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sazişi müasir dövrün ciddi çağırışları və riskləri fonunda xüsusi əhəmiyyət daşıyır. Qlobal mexanizmlər zəifləyir, hamı tərəfindən qəbul edilmiş qaydalar isə işləmir. Belə bir vəziyyətdə əməkdaşlıq və regional səviyyədə “təhlükəsiz bufer zonasının” yaradılması heç vaxt olmadığı qədər əhəmiyyətlidir.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz yerli televiziya kanallarından birinin efirində səsləndirib.
C.Yılmaz Pakistanın nüvə dövləti olduğunu, Səudiyyə Ərəbistanının iqtisadi baxımdan güclü, Türkiyənin isə inkişaf etmiş hərbi-sənaye kompleksi ilə tanındığını xatırladıb.
“Burada İrana və ya digər tərəflərə qarşı mexanizmin formalaşdırılmasından söhbət getmir. Sazişi imzalayan ölkələr regionda gərginliyin yeni mərhələlərinin yaranmasına yol verməməyə çalışırlar”, - deyə Türkiyənin Vitse-prezidenti vurğulayıb. Bununla yanaşı, o bildirib ki, Ankaranın mövqeyinə görə, Ər-Riyad və İslamabadla əldə olunan razılaşma “NATO-ya alternativ deyil, Şimali Atlantika Alyansını tamamlayan bir mexanizmdir”.
Misirin yeni müdafiə sazişində niyə tərəflərdən birinin olmadığını soruşduqda C.Yılmaz bildirib ki, yeni ittifaq bütün tərəflər üçün açıqdır. “Razılaşmanın çərçivəsinin genişləndirilməsini bu günlərdə sazişi imzalayan üç ölkə müəyyən edəcək. Qahirənin də bu prosesə qoşulmasını istisna etmirəm. Niyə də olmasın? Misir hərbi baxımdan güclü, müxtəlif aspektlərdən mühüm əhəmiyyət daşıyan ölkədir”, - deyə türkiyəli siyasi xadim bildirib.
C.Yılmaz qeyd edib ki, Türkiyə “macəra axtarışında deyil” və problemlərin diplomatik yolla həllinə yönəlib. “Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır. Tərəfdaşlarla sıx qarşılıqlı əlaqə qurmaq, əlaqələri inkişaf etdirmək vacibdir. Ankara həm hərbi-sənaye kompleksinə, həm də ittifaqlara güvənir. Bu, dövlətin uzunmüddətli inkişafı baxımından çox vacibdir”, - deyə o vurğulayıb.
Siyasi xadim, eyni zamanda, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişini “sünni dövlətlərin ittifaqı” adlandıran bəzi ekspertlərin fikirlərini qətiyyətlə rədd edib. “Adından da göründüyü kimi, saziş müdafiə məsələlərinə aiddir. Ümid edirik ki, bu saziş İslam dünyasına və bütövlükdə bəşəriyyətə fayda gətirəcək. Məqsədimiz regionda müxtəlif dinlərə etiqad edən bütün xalqların sülh şəraitində birgə yaşamasıdır”, - deyə C.Yılmaz bildirib.
