Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

A- A A+

Dünya əhalisinin təxminən 476 milyon nəfərini təşkil edən yerli xalqlar əcdadlarından miras qalan torpaqlara sahib çıxaraq təbiətlə iç-içə həyat sürür. Bununla belə, onlar iqlim dəyişikliyindən ən çox təsirlənən cəmiyyətlərin önündə gəlirlər.

NUHÇIXAN xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qərarı ilə 1994-cü ildə təsis edilən Beynəlxalq Yerli Xalqlar Günü yerli xalqların ehtiyacları ilə bağlı məlumatlılığın artırılmasını və onların üzləşdiyi problemlərə diqqət çəkilməsini qarşıya məqsəd qoyur.

BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsində yerli xalqların digər xalqlarla bərabərliyi vurğulanır və bu qrupların mədəni müxtəlifliyinin bütün bəşəriyyətin ümumi irsinin bir hissəsi olduğu qeyd edilir.

BMT-nin məlumatına görə, 90 ölkədə yaşayan, təxminən 5 min müxtəlif mədəniyyəti təmsil edən 476 milyondan çox yerli xalq nümayəndəsi dünya əhalisinin təxminən 6,2 faizini təşkil edir.

Yerli xalqların kimliyinin mühüm hissəsini təşkil edən dillər onların mədəniyyətinin və dünyagörüşünün qorunmasında xüsusi əhəmiyyət daşıyır.

Dünyada mövcud olan 7 min dilin ən azı 40 faizi müəyyən dərəcədə yox olmaq təhlükəsi ilə üz-üzədir. Təxminlərə görə, hər iki həftədən bir yerli xalqlara məxsus bir dil yox olur. Birləşmiş Millətlər Təşkilatı 2022-ci ildə nadir dillərin təbliği, bu dillərdə danışan insanların həyatının dəstəklənməsi və həmin dillərin qorunması məqsədilə daha bir mühüm təşəbbüs – “Yerli Dillər Onilliyi”ni elan edib.

Digər tərəfdən, yerli xalqlar daha yüksək səviyyədə yoxsulluqla üzləşirlər. Dünyadakı yerli əhalinin 86 faizi qeyri-formal iqtisadi sektorda çalışır və onların yoxsulluqla üzləşmə ehtimalı dünyanın digər əhalisi ilə müqayisədə üç dəfə çoxdur. Qidalanma çatışmazlığının daha geniş yayıldığı yerli xalqlar həmçinin lazımi sosial təminat və iqtisadi resurslar olmadan yaşamaq uğrunda mübarizə aparırlar.

Yerli xalqların orta ömür uzunluğu yerli olmayan icmalarla müqayisədə 20 il daha azdır. Bunun əsas səbəbləri sırasında onların kifayət qədər tibbi xidmət və sağlamlıqla bağlı məlumat əldə edə bilməmələri, həmçinin malyariya, vərəm və HİV kimi xəstəliklərə daha çox məruz qalmaları göstərilir.

Yerli əhalinin 47 faizi formal təhsil almaq imkanından məhrumdur. Bu göstərici qadınlar arasında daha yüksəkdir.

Bütün bu çətinliklərlə yanaşı, yerli xalqlar öz torpaqlarını idarə etmək imkanından da məhrumdurlar. Bəzi yerli icmalar özünüidarəetmə hüququna malik olsa da, onların bir çoxu hələ də torpaqları və təbii sərvətləri üzərində son qərarvermə səlahiyyətinə malik olan mərkəzi hökumətlərin nəzarəti altındadır.

Təbiətin qorunmasında ön sırada olan yerli xalqlar iqlim dəyişikliyindən də ən çox təsirlənirlər

Yerli xalqlar həyat tərzləri etibarilə təbiətlə sıx əlaqədə yaşayırlar. Təxminən 70 milyon yerli xalq nümayəndəsi dolanışığını meşələrdən təmin edir.

Lakin araşdırmalar göstərir ki, təbiətlə bu qədər sıx bağlı həyat sürən yerli xalqlar iqlim dəyişikliyinin birbaşa təsirlərinə ən çox məruz qalan icmalar sırasındadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: