Qərbi Avropada iyun və iyul aylarında indiyədək görünməmiş istilər qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, Avropa İttifaqının “Copernicus” İqlim Dəyişmələri Xidmətinin məlumatına görə, regionda, o cümlədən Almaniyada, iki ay üzrə orta temperatur 21,62 dərəcə Selsi təşkil edib. Bu göstərici 1991-2020-ci illərin orta səviyyəsindən 2,79 dərəcə yüksəkdir.
Məlumatda qeyd olunub ki, temperatur artımı Avropanın bütün ərazilərində eyni olmayıb. Qərbdə yüksək istilər müşahidə edilərkən, Şərqi Avropa və Skandinaviyanın bəzi hissələrində hava nisbətən mülayim keçib.
İsti hava ilə yanaşı, quraqlıq və meşə yanğınları da geniş yayılıb. Xüsusilə İberiya yarımadası və Fransanın bəzi bölgələrində çaylarda suyun səviyyəsi kəskin azalıb. Reyn, Sena və Dunay çaylarında da bəzi ərazilərdə qeyri-adi aşağı göstəricilər qeydə alınıb.
Dünya okeanlarında da temperatur rekordları yenilənib. İyulda dəniz səthinin orta temperaturu 20,96 dərəcə olub. Bu, həmin ay üçün indiyədək qeydə alınmış ən yüksək göstəricidir. İsti hava və quraqlığın bir-birini gücləndirərək iqlim dəyişmələrinin təsirlərini daha da artırdığı bildirilir.
