Süni intellekt texnologiyasının inkişafının sürətlənməsi fonunda dünyanın hər yerindən kolleksiyaçılar rəqəmsal dövrün başlanğıcını qoyan kompüterlərə qayıdırlar.
NUHÇIXAN “Euronews”a istinadla xəbər verir ki, Sietldən olan proqram təminatı mühəndisi Coş Derş evdə 200-dən çox köhnə kompüter və elektron cihaz saxlayır. O, müasir rəqəmsal dünyanın təməlini təşkil edən texnologiyaların necə yaradıldığını görmək fürsətinə maraq göstərdiyini deyir.
Texnologiya mühəndisi bildirir: “Hər şeyin necə başladığını görmək məni həmişə valeh edib. Bu maşınlarda nasazlıqları aradan qaldırmaq və təmir etmək maraqlı işdir. Bütün sistemi əvvəldən axıra qədər başa düşə bilərsiniz”.
O, “Atari”, “Commodore” və IBM kompüterləri də daxil olmaqla köhnə avadanlıqları bərpa edən və qoruyan retrokompüter həvəskarları icmasının nümayəndəsidir. Kolleksiyaçılar üçün bunlar sadəcə köhnəlmiş cihazlar deyil, həm də texnoloji tarixin vacib artefaktı sayılır.
Bu hobbiyə maraq təkcə ABŞ-də deyil, həm də Avropada artmaqdadır. Avropada və digər bölgələrdə festivallar və kolleksiyaçıların görüşləri keçirilir, nadir kompüterlərə tələbat onlayn platformalarda da artır.
“Vintage Computer” Federasiyasının prezidenti Erik Kleynin sözlərinə görə, “Apple-1” də daxil olmaqla, bəzi modellərin dəyəri yüz minlərlə avrodur.
Avqustun əvvəlində Kaliforniyada 3500-dən çox insanın qatıldığı iki günlük “Vintage Computer” Festivalı keçirildi. Builki tədbir 1976-cı ildə Kupertinoda qurulan “Apple” şirkətinin 50 illiyinə həsr olunub.
Festivalda kolleksiyaçılar işlək vəziyyətə gətirdikləri kompüterləri nümayiş etdiriblər. Ziyarətçilər internet, sosial media və süni intellektin meydana gəlməsindən çox əvvəl yaradılmış texnologiyanı görmək və sınaqdan keçirmək imkanı əldə ediblər.
“Vintage Computer Federation” təşkilatı ABŞ, Kanada, Argentina, Almaniya və İsveçrədə oxşar tədbirlərin keçirilməsinə kömək edib. Nəticədə getdikcə daha çox insan köhnə kompüterləri axtarmağa və toplamağa başlayıb.
2027-ci ildə kolleksiyaçılar hərəkatı 30 illik yubileyini qeyd edəcək və onun üzvlərinin sayının daha da artacağı gözlənilir.
