İyul ayında Çexiyada işsizlik səviyyəsi artaraq 4,4 faizə yüksəlib.
NUHÇIXAN xəbər verir ki, Çexiya Əmək İdarəsinin məlumatına əsasən, ayın sonunda ölkədə 329 min 501 nəfər işsiz kimi qeydiyyata alınıb. Bu, iyun ayı ilə müqayisədə 14 min 36 nəfər artım deməkdir.
Ötən ilin iyulunda işsizlik səviyyəsi 3,8 faiz olub. İşsizliyin yüksəlməsinə yay aylarında işə qəbul fəallığının azalması, müddətli əmək müqavilələrinin başa çatması, həmçinin məktəb və universitet məzunlarının əmək bazarına daxil olması təsir göstərib.
Eyni zamanda, vakansiyaların sayı təxminən 3 min azalaraq 95 min 553-ə düşüb. Ölkə üzrə hər boş iş yerinə orta hesabla 3,4 işaxtaran düşüb. Ən yüksək işsizlik Ustetski və Moravskosilezski bölgələrində qeydə alınıb. Praqada isə göstərici 3,4 faiz təşkil edib.
Məlumatda bildirilir ki, vakansiyaların sayının azalması yeni qaydalarla da əlaqəlidir. Yeni qaydalara görə boş yerlər altı aydan sonra avtomatik çıxarılır.
