ÜMT: Qərbi Avropada müşahidələr tarixində ən isti iyun-iyul ayları qeydə alınıb

A- A A+

Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) sözçüsü Kler Nullis bildirib ki, Qərbi Avropada müşahidələr tarixində ən isti iyun-iyul ayları qeydə alınıb.

NUHÇIXAN təşkilatın məlumatına istinadla xəbər verir ki, Nullis bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisinin həftəlik mətbuat konfransında bildirib.

Avqust ayının Avropada və Şimal yarımkürəsinin digər hissələrində bayram mövsümünün zirvəsi olduğuna diqqət çəkən Nullis qeyd edib ki, buna baxmayaraq, bir çox milli meteoroloji və hidroloji xidmətlər, fövqəladə halların idarə edilməsi, cavab qrupları və səhiyyə işçiləri ekstremal hava şəraiti səbəbindən intensiv işləməli olublar.

Nullis əlavə edib: “Avropa İttifaqının “Kopernik” Yer Müşahidə Proqramına görə, Qərbi Avropada rekord dərəcədə isti iyun-iyul ayları yaşanıb. Qlobal miqyasda səth havasının orta temperaturu sənaye öncəsi baza dəyərindən (1850-1900-cu illərin ortalaması) 1,47 dərəcə Selsi yüksək olub və nəticədə rekord səviyyədə ikinci ən isti iyul ayı qeydə alınıb”.

ÜMT sözçüsü qeyd edib ki, dəniz səthinin temperaturu iyul ayı üçün indiyə qədər qeydə alınan ən yüksək səviyyələrə çatıb və Qərbi Avropadakı bəzi ölkələr yayın dördüncü isti dalğası ilə üzləşir. “Güclü və uzunmüddətli quraqlıq kənd təsərrüfatına, çayların səviyyələrinə, nəqliyyata və enerjiyə dağıdıcı təsir göstərir, habelə meşə yanğınları riskini artırır”, -deyə o bildirib.

Yaponiya və Cənubi Koreyanın ötən həftə Asiyanın, Yaxın Şərqin və Latın Amerikasının digər bölgələrində olduğu kimi müstəsna və rekord temperatur yaşadığını xatırladan Nullis, həmçinin güclü musson yağışlarının və daşqınların Qərbi Afrikanın bəzi hissələrinə təsir etdiyini qeyd edib.

ÜMT sözçüsü qeyd edib: “Ümumdünya Meteorologiya Təşkilatı humanitar təşkilatlar üçün həftəlik Qlobal Hidrometeoroloji Tədqiqat hesabatında bu həftə Şimal-Şərqi və Qərbi Hindistan, Şərqi Pakistan, Nepal, Banqladeş, Butan, Myanma və Cənub-Şərqi Asiyanın bəzi yerlərində çox güclü yağışlar, həmçinin qəfil daşqınlar və sürüşmələr riski barədə xəbərdarlıq edib”.

Nullis vurğulayıb ki, ekstremal hava şəraiti etibarlı və vaxtında proqnozlara və erkən xəbərdarlıqlara ehtiyac olduğunu bir daha vurğulayır. Buna görə də “Hamı üçün erkən xəbərdarlıqlar” təşəbbüsü Ümumdünya Meteorologiya Təşkilatı və onun üzvləri üçün əsas prioritet olaraq qalır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: