“Copernicus”: Avropanın əsas çaylarında su axını tarixi minimuma enib

A- A A+

Avropada hökm sürən isti hava dalğaları və quraqlıq səbəbindən Reyn, Temza, Dunay, Rona və Po çaylarının geniş hissələrində son 34 ilin ən aşağı iyul su sərfi qeydə alınıb.

NUHÇIXAN xəbər verir ki, Avropa İttifaqının (Aİ) Yer Müşahidə Proqramı “Copernicus”un məlumatlarına əsasən, Avropanın əsas çaylarında su axını tarixi minimum səviyyələrə enib.

İngiltərədə Temza çayının monitorinq aparılan hissələrinin təxminən 95 faizində, Reyn çayının 85 faizində və Dunayın 65 faizində 1992-ci ildən bəri iyul ayları üzrə ən aşağı su sərfi müəyyən edilib.

Fransa və İsveçrədən keçən Rona çayının təxminən 30 faizində, İtaliyanın ən böyük çayı olan Po çayının isə təxminən 40 faizində eyni dövr üzrə ən aşağı iyul su sərfi ölçülüb. Çaylarda qeydə alınan fövqəladə dərəcədə aşağı su sərfi Avropanın geniş ərazilərinə təsir edən uzunmüddətli quraqlıq və ardıcıl isti hava dalğalarının yaşandığı dövrə təsadüf edib.

Avropa Quraqlıq Müşahidə Mərkəzinin (EDO) yayımladığı hidroloji quraqlıq göstəriciləri də Avropadakı çaylarda su səviyyəsinin və axının aşağı olduğunu ortaya qoyub.

Müvafiq olaraq, iyun ayının əvvəlindən bəri Reyn çayının İsveçrə dağlarından qərbi Almaniyaya qədər uzanan böyük bir hissəsində hidroloji quraqlıq şəraiti müşahidə edilib. Dunay çayı da xüsusilə Macarıstan ərazisindən keçən hissələrində uzun müddət aşağı su axınından təsirlənib. Fransada Luara çayının Orleandan Atlantik okeanına qədər uzanan hissəsində su sərfi iyunun ikinci yarısından iyulun sonunadək “son dərəcə aşağı” səviyyədə olub.

Avropanın böyük çayları qitənin su ehtiyatları ilə yanaşı, kənd təsərrüfatı, enerji istehsalı, sənaye və yükdaşımalar baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə Reyn və Dunay Avropanın əsas daxili su nəqliyyatı marşrutları sırasında yer alır. Çaylarda su səviyyəsinin düşməsi gəmilərin daşıya biləcəyi yükün həcminin azalmasına və nəqliyyat xərclərinin artmasına səbəb olur.

Çayların su sərfindəki azalma hidroelektrik enerji istehsalına, eləcə də istilik və nüvə elektrik stansiyalarının soyutma suyu ilə təminatına da çətinlik yarada bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: