Süni intellektlə yaradılan ifaçılar “Spotify”da xüsusi nişanla göstəriləcək

A- A A+

İsveçin musiqi yayımı üzrə nəhəngi “Spotify” süni intellektdən istifadə etməklə yaradılan ifaçıları xüsusi “AI-persona” nişanı ilə işarələməyə başlayacaq. Yeni nişan istifadəçilərə virtual ifaçıları real musiqiçilərdən fərqləndirməyə kömək etmək və şirkətin bildirdiyinə görə, platformanı daha şəffaf və etibarlı etmək məqsədi daşıyır.

NUHÇIXAN xəbər verir ki, süni intellekt nişanı mobil tətbiqdə ifaçının profilində, axtarış nəticələrində və pleylistlərdə mahnıların yanında göstəriləcək. Yeni sistemin genişmiqyaslı tətbiqinə sentyabrın ortalarında başlanılması planlaşdırılır.

“Spotify” daha əvvəl “Verified by Spotify” sistemini işə salmışdı. Bu sistem çərçivəsində musiqiçilər sosial şəbəkələrdəki fəaliyyətləri və öz məhsullarının, o cümlədən brend məhsullarının (merch) mövcudluğu kimi vasitələrlə real insan olduqlarını özləri təsdiqləməli idilər. Lakin bu təşəbbüs tənqid olunmuşdu. Süni intellektlə yaradılan musiqi üzrə ekspert və müəllif hüquqlarının müdafiəçisi Ed Nyuton-Reks bildirib ki, belə yanaşma müəyyən edilmiş meyarlara uyğun gəlməyən real ifaçıları əlverişsiz vəziyyətə sala bilər.

İndi “Spotify” süni intellekt profillərini müəyyənləşdirmək üçün həm mütəxəssislərin yoxlamasından, həm də süni intellektə əsaslanan vasitələrdən istifadə etməyi planlaşdırır. İfaçılar da profillərinin “AI-persona” olduğunu özləri qeyd edə biləcəklər. Profil avtomatik olaraq işarələndiyi halda, profil sahiblərinə bu statusu təsdiqləmək və ya qərardan şikayət etmək imkanı veriləcək.

Yeni sistem “Spotify”ın tövsiyə alqoritmlərinə də təsir göstərəcək. “AI-persona” kimi işarələnmiş ifaçılar istifadəçi onları özü izləmədiyi halda redaksiya və fərdiləşdirilmiş tövsiyələrdə göstərilməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: