BMT-nin Beynəlxalq Əmək Təşkilatının (BƏT) çərşənbə axşamı dərc etdiyi yeni hesabatda COVID-19 pandemiyasından sonrakı nisbi yaxşılaşma tendensiyasının ardından 2025-ci ildə dünya miqyasında gənclər arasında işsizliyin yenidən artdığı bildirilir. Qeyd olunur ki, milyonlarla gənc ilk iş yerini tapa bilmir.
NUHÇIXAN BMT-nin məlumatına istinadla xəbər verir ki, hesabata görə, 2023-cü ildə iyirmi ilin ən aşağı səviyyəsinə düşən 15-24 yaş arası qrupu əhatə edən qlobal işsizlik səviyyəsi 2025-ci ildə 12,4 faizə çatıb, təqribən əlavə 67 milyon nəfər işsiz qalıb.
Məşğulluq, təhsil və ya təlimdə olmayan gənclərin (NEET) qlobal payı da 2023-cü ildəki 19,7 faizdən 2025-ci ildə 20 faizə yüksəlib, dünya üzrə ümumi say isə təqribən 257 milyon nəfərə çatıb. NEET statusu əmək bazarından tamamilə uzaqlaşmış, iş tapmaq şansı olmayan insanları nəzərdə tutur.
BƏT-in baş direktoru Jilber Hunqbo bildirib: “Layiqli iş tapa bilməyən nəsil gələcəyini inamla qura bilməz. Gənclər keyfiyyətli işdən kənarda qaldıqda, ölkələr istedadlı insanları, məhsuldarlığı və sosial birliyi itirir. Gənclər üçün layiqli iş yerlərinin yaradılması təkcə sosial zərurət deyil, həm də ölkənin yatıra biləcəyi ən ağıllı investisiyalardan biridir”.
2023-2025-ci illər arasında 11 qlobal alt regionun səkkizində gənclər arasında işsizlik pisləşib və ya sabit qalıb, 105 ölkədə işsizlik artıb, yalnız 58 dövlətdə azalma müşahidə olunub.
Ərəb dövlətləri və Şimali Afrikada gənclər arasında işsizlik nisbətləri müvafiq olaraq 26,2 və 22,6 faiz olaraq qeydə alınıb. Bu, qlobal miqyasda ən pis göstəricidir.
Şimali, Cənubi və Qərbi Avropada daha işsizlik səviyyəsində kiçik artımlar müşahidə olunub, Şimali Amerikada isə birillik artım tempi 8,2 faizdən 9,2 faizə qalxıb.
Hesabata görə, daha yüksək gəlirli ölkələrdə gənc işçilər üçün ənənəvi olaraq giriş nöqtələri təmin edən iş yerləri azalır. Bu arada, Saharaaltı Afrika kimi bölgələrdə əhalinin daha sürətlə artması fonunda kifayət qədər iş yeri yoxdur. İnkişaf etməkdə olan ölkələrdə bir çox işçi qeyri-rəsmi və ya qeyri-sabit işlə məşğuldur ki, bu da onları sosial müdafiədən məhrum edir.
BƏT qeyd edir ki, aşağı və aşağı-orta gəlirli ölkələrdə 15-29 yaş arası hər 10 gənc işçidən təxminən 9-u qeyri-rəsmi şəkildə işləyir. Bu problem Saharaaltı Afrikada özünü daha qabarıq göstərir.
Təşkilat qlobal iqtisadi artımın yavaşlamasını, geosiyasi gərginlikləri, süni intellektin (AI) giriş səviyyəli işlərə təsirini, yeni yüksəkixtisaslı vəzifələrin olmamasını və təcrübə paradoksunu, yəni, işəgötürənlərin ilk iş yeri üçün geniş təcrübə tələb etməsini gənclər arasında işsizliyin əsas amilləri kimi müəyyən edib.
Hesabatda 15-29 yaş arası insanların tutduğu iş yerlərinin 6,1 faizinin AI ilə əlaqəli dəyişikliklərə yüksək dərəcədə məruz qalan peşələrdə olduğu təxmin edilir. Bunlara əsasən kargüzarlıq və inzibati vəzifələr daxildir.
Elm, səhiyyə və mühəndislik kimi sahələr dünya miqyasında böyüməyə davam edir və bu inkişaf prosesi bacarıqların artırılmasına, təhsilə investisiya qoyuluşuna ehtiyac olduğunu vurğulayır. Hesabatda gənclər arasında artan işsizlik problemini həll etmək üçün süni intellektin idarə olunmasına insan mərkəzli yanaşma tətbiq edilməsi, keyfiyyətli təhsilə investisiya qoyulması, məşğulluq xidmətlərinin gücləndirilməsi, sosial müdafiənin genişləndirilməsi və daha layiqli iş imkanları yaradılması tövsiyə olunur.
