Avropada qısaməsafəli uçuşların dörddəbirinin gələcəkdə elektrik təyyarələri ilə həyata keçirilməsi mümkün görünür. Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyinin (AESA) təhlilinə görə, Avropadakı uçuşların 25 faizi 500 kilometrdən az məsafəni əhatə edir. Hazırlanan elektrik təyyarələrinin məhz bu marşrutlarda istifadəsi nəzərdə tutulur. Hibrid modellərin isə 1000 kilometrədək məsafə qət edə biləcəyi gözlənilir.
NUHÇIXAN xəbər verir ki, yeni texnologiya regional aviasiya üçün də imkanlar aça bilər. Fransada Nitsa–Bastiya, Marsel–Bastiya, Marsel–Figari və Monpelye–Ayaksio, eləcə də Bordo–Lion və Nitsa–Klermon-Ferran marşrutları potensial istiqamətlər sırasında göstərilir. Avropada London–Dublin kimi intensiv istifadə olunan reyslərin də elektrik təyyarələrinə uyğunlaşdırılması nəzərdən keçirilir.
Elektrik mühərrikləri və batareyalar sahəsindəki inkişaflar daha böyük və məhsuldar təyyarələrin hazırlanmasına imkan verir. Almaniyanın “Vaeridion”, Niderlandın “Elysian Aircraft” və Fransanın “Aura Aero” şirkətləri artıq bu istiqamətdə layihələr həyata keçirirlər. İlk kommersiya uçuşlarının 2030-cu ildən başlanması gözlənilir.
Elektrik aviasiyasının əsas üstünlüklərindən biri kerosindən asılılığın və yanacaq qiymətlərinin dəyişməsinin təsirinin azaldılmasıdır. Bununla belə, yeni təyyarələrin sertifikatlaşdırılması, sərnişin tutumunun məhdudluğu və uçuş məsafəsinin hələlik az olması texnologiyanın qarşısında ciddi maneələr yaradır.
Bəzi proqnozlara görə, elektrik təyyarələri istismar baxımından gələcəkdə qatarla rəqabət apara bilər. “Transport & Environment”in hesablamalarına əsasən, London–Dublin reysinin qiyməti 200 avrodan bir qədər yüksək ola bilər.
Texnoloji inkişaf və sertifikatlaşdırma prosesləri uğurla davam edərsə, elektrik təyyarələrinin 2030-cu ildən etibarən Avropanın qısaməsafəli hava nəqliyyatında tədricən geniş yer tutacağı gözlənilir.
