ABŞ-ın Tennessi, Alabama və Oklahoma ştatlarında 13 avqustda üç məhbus barəsində ölüm hökmünün icrası planlaşdırılır.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd olunub ki, ABŞ-da eyni gündə üç ölüm hökmünün icrasının planlaşdırılması təxminən 16 ildən sonra ilk dəfə baş verir. Hökmün hər üç halda ölümcül inyeksiya yolu ilə icra olunması nəzərdə tutulur.
Tennessi ştatında 1985-ci ildə xidmətçi qadını öldürməkdə təqsirli bilinən Entoni Darrell Haynsın ölüm hökmünün icrası planlaşdırılır.
Alabamada beş yaşlı qızı zorlama və öldürməkdə məhkum edilmiş Ceremi Uilyamsın edam olunması gözlənilir.
Oklahoma ştatında isə 2003-cü ildə sevgilisini öldürməkdə təqsirli bilinən Karlos Kuesta-Rodriqesə verilmiş ölüm hökmünün icrası nəzərdə tutulur.
AP qeyd edir ki, eyni gündə üç edamın planlaşdırılması ABŞ-da ölüm hökmlərinin icrasının sayının artdığını göstərir. 2025-ci ildə ölkədə 47 ölüm hökmü icra edilib ki, bu da 2009-cu ildən bəri ən yüksək göstəricidir.
