Fransada son üç ay ərzində təkrarlanan istilik dalğaları fonunda quraqlıq daha da artıb. Nəticədə ölkə ərazisinin təxminən 70 faizində sudan istifadəyə müxtəlif məhdudiyyətlər tətbiq edilib. Hökumət vəziyyətlə bağlı iclas keçirib.
NUHÇIXAN xəbər verir ki, Ekoloji Keçid Nazirliyinin məlumatına görə, Fransanın 99 departamenti ən azı nəzarət səviyyəsindədir. Onlardan 67 departament böhran, 21-i isə gücləndirilmiş xəbərdarlıq rejiminə keçirilib.
Böhran səviyyəsində sudan yalnız səhiyyə, mülki təhlükəsizlik, içməli su təchizatı və sanitariya kimi prioritet məqsədlər üçün istifadə edilə bilər. Xəbərdarlıq və gücləndirilmiş xəbərdarlıq səviyyələrində isə bağların və yaşıllıqların suvarılması, hovuzların doldurulması, avtomobillərin yuyulması və kənd təsərrüfatı sahələrinin suvarılmasına məhdudiyyətlər tətbiq olunur.
Nazirlik bildirib ki, iqlim dəyişmələrinin təsiri su ehtiyatları üzərində təsiri daha da artırır. Artıq bəzi bölgələrdə içməli su təchizatı ciddi gərginlik yaradıb. Məlumata görə, artıq 80 kommunada 40 mindən çox insan krant suyunun kəsilməsi ilə üzləşib. Onların içməli su ilə təminatı çənlər və butulkalar vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, bu ölkədə hidroloji vəziyyətin yenidən qiymətləndirilməsi aparılacaq, quraqlığın əhalinin və müxtəlif sektorların su istifadəsinə təsiri müzakirə ediləcək. Həmçinin quraqlığın heyvan və bitki aləminə təsiri, gələcəkdə su çatışmazlığına daha yaxşı hazırlaşmaq və bölgələrin dayanıqlığını artırmaq üçün tədbirlər nəzərdən keçiriləcək.
