Ukraynanın Odessa vilayətində Rusiya dronu sərnişin qatarının lokomotivini hədəfə alıb.
NUHÇIXAN bu barədə “Ukrzaliznitsa” ASC İdarə Heyətinin sədri Aleksandr Pertsovskinin “Facebook”da paylaşımına istinadla xəbər verir.
Paylaşımda hücumun necə baş verdiyi izah olunub. Monitorinq qrupu dron təhdidini aşkar edib və maşinistə “dayan” əmri verib. Həmin an qatar sərnişinləri təhlükəsiz şəkildə təxliyə etmək üçün stansiyaya daxil olurdu. Amma “Şahed” tipli reaktiv dronun qəfil manevrinə görə lokomotiv heyətinin qatarı tamamilə dayandırmağa və özlərini təxliyə etməyə vaxtı olmayıb.
“Təəssüf ki, ən dəhşətli xəbəri birbaşa bildirməliyəm: ilkin məlumata görə, bu zərbə lokomotiv heyətimiz - maşinist və köməkçi üçün heç bir şans qoymayıb. Həmkarlarımızın qəhrəmanlığı qarşısında baş əyirik. Onlar sərnişinlərinin təhlükəsiz şəkildə təxliyəsi və xilas edilməsi üçün qatarı dayandıraraq həlak olublar”, -deyə “Ukrzaliznitsa” ASC İdarə Heyətinin sədri əlavə edib.
Qatardakı 340 sərnişin və vaqonlardakı xidmət personalı təhlükəsiz yerə təxliyə edilib. Xəsarət alan olmayıb.
Hazırda sərnişinlərin Odessaya daşınması üçün avtobuslar təşkil olunur.
