ABŞ-nin təbii qaz ehtiyatlarının oktyabr ayında 3 trilyon 985 milyard kubfuta çatacağı gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ölkədə təbii qaz ehtiyatları qış istilik mövsümündən əvvəl - oktyabr ayında 2016-cı ildən bəri ən yüksək səviyyəyə çatacaq.
EIA-ya görə, ehtiyatların artması təbii qaz istehsalının artması və mayeləşdirilmiş təbii qaz (LNG) qurğularında aparılan təmir işləri səbəbindən qaz tələbatının azalması ilə əlaqədar olacaq. ABŞ-də təbii qazın qiymətinin bu ilin üçüncü rübündə “Henry Hub”da orta hesabla 2,87 dollar olacağı gözlənilir. EIA bu proqnozu ötən aya nisbətən 50 sent aşağı salaraq yenidən nəzərdən keçirib, azalmanın LNG qurğularına göndərilən təbii qaza tələbatın azalması və güclü istehsalla əlaqəli olduğunu bildirib.
ABŞ-nin mayeləşdirilmiş təbii qaz ixracının cari ilin üçüncü rübündə gündə orta hesabla 16,5 milyard kubfut olacağı gözlənilir. EIA ABŞ-nin mayeləşdirilmiş təbii qaz ixracının 2027-ci il ərzində artmağa davam edəcəyini proqnozlaşdırır.
Hesablamalara görə, 2026-cı ildə ölkənin elektrik enerjisi istehsalında təbii qazın payı 40 faiz təşkil edəcək. Kömürün payı 16 faizə düşəcək, külək və Günəş enerjisinin payı isə müvafiq olaraq 11 faiz və 8 faiz olacaq.
