Beynəlxalq tədqiqat qrupu ABŞ Milli Aeronavtika və Kosmik Agentliyinin (NASA) “James Webb” kosmik teleskopu tərəfindən əldə edilən fotoşəkillərdən birində görünən və “MoM-BH*-1” adlı parlaq qırmızı şüalanma yaradan obyekt üzərində ətraflı tədqiqatlar aparıb.
NUHÇIXAN NASA-nın məlumatına istinadla xəbər verir ki, kompüter simulyasiyasından istifadə edən alimlər obyektin nüvə birləşməsi yolu ilə enerji yaradan nəhəng bir ulduz olmadığını müəyyən ediblər. Onlar Günəş sistemimizin ölçüsündə olduğu təxmin edilən həmin obyektin sıx qaz təbəqəsi ilə əhatə olunmuş qara dəlik ola biləcəyi fərziyyəsini irəli sürüblər.
Astronomlar sıx qaz buludu səbəbindən kosmik obyektin xaricdən baxıldıqda ulduz kimi işıq saçdığını vurğulayıblar. Nəhəng ulduza bənzəməsinə baxmayaraq, onun məlum olan hər hansı bir ulduzun hasil edə biləcəyindən təxminən 100 milyard dəfə çox enerji yaydığı müəyyən edilib.
Alimlər bildiriblər ki, Yer kürəsindən milyardlarla işıq ili məsafədə yerləşən obyektin Böyük Partlayışdan təxminən 660 milyon il sonra əmələ gəldiyi təxmin edilir.
Tədqiqatın aparıcı müəllifi Massaçusets Texnologiya İnstitutunun (MIT) Astrofizika və Kosmik Tədqiqatlar İnstitutunun astronomu Rohan Naydu bildirib: “Astrofizika sahəsində yeni bir obyekt növü, “qara dəlik ulduzu” kəşf etdik”.
O əlavə edib ki, “qara dəlik ulduzu” kimi təsvir etdikləri obyekt öz analoqları ilə əlaqəli səviyyədə enerji yayır, eyni zamanda, ulduzlara xas olan bəzi xüsusiyyətləri nümayiş etdirir.
Tədqiqatın nəticələri “Nature” elmi jurnalında dərc olunub.
