İnsanın psixi vəziyyəti bağırsaqlarındakı bakteriyalardan asılıdır

A- A A+

İnsanın psixi vəziyyəti yalnız beynin fəaliyyətindən deyil, həm də bağırsaqlarında yaşayan bakteriyalardan asılıdır.

NUHÇIXAN xəbər verir ki, portuqaliyalı alimlər bu barədə “Translational Psychiatry” jurnalında yazıblar.

Xatırladaq ki, alimlər mikrobiomun insan həyatındakı rolu barədə uzun müddətdir araşdırma aparırlar. Bu sahədə aparılan tədqiqatların ilk nəticələri hələ 1990-cı illərdə dünyada böyük sensasiyaya səbəb olmuşdu. Həmin vaxt amerikalı alimlər arıq siçanların bağırsaqlarındakı bakteriyaları kök siçanlara köçürüblər və onlar sürətlə çəki itirməyə başlayıblar. Nəticələr elmi ictimaiyyəti heyrətləndirib və bu sahədə tədqiqatların sürətlə genişlənməsinə səbəb olub.

Məlum olub ki, insan orqanizmində onun öz hüceyrələrindən daha çox bakteriya hüceyrəsi yaşayır – təxminən 40 trilyon bakteriya hüceyrəsinə qarşı 30 trilyon insan hüceyrəsi. Bağırsaq bakteriyalarındakı genlərin məcmusu insan genomundakı genlərdən 100 dəfə çoxdur və onlar orqanizmdə demək olar ki, bütün fizioloji proseslərdə iştirak edirlər. Nəticədə mikrobiom qeyri-rəsmi olaraq “ikinci beyin” adlandırılıb.

Belə tədqiqatlardan birini Portuqaliya alimləri aparıblar. Onlar 200 könüllünün bağırsaqlarındakı bakteriyaların tərkibini araşdırıb və həmin bakteriyalar arasında bir neçə növ xüsusilə onların diqqətini çəkib. Məsələn, bağırsaqlarda “Allisonella” və “Prevotella” bakteriyalarının, eləcə də “Cloacibacillus evryensis” növünün daha yüksək payı psixopatik xüsusiyyətlərlə əlaqələndirilib. Belə əlaqənin niyə yarandığını və ümumiyyətlə, bunun hansı mexanizmlə baş verdiyini hələ müəyyənləşdirmək lazımdır.

Gələcək tədqiqatlar hazırkı nəticələri təsdiqləsə, psixopatik xüsusiyyətlərin öyrənilməsi yalnız beynin fəaliyyətindəki xüsusiyyətlərin axtarışı ilə məhdudlaşmayacaq, həm də bağırsaq mikrobiotasının tədqiqini əhatə edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: