Bab əl-Məndəb boğazında və Qırmızı dənizdə təhlükəsizliyi təmin etmək üçün yaradılan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Çoxmillətli Dəniz Müdafiə Koalisiyasına on üç ölkə rəsmi olaraq qoşulub.
NUHÇIXAN xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi bu barədə Ciddədə keçirilən iclasdan sonra məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada bildirilir ki, birgə bəyanatı imzalayan ölkələrin sayı 15-ə çatıb. 13 dövlət daxili prosedurları tamamlayıb, koalisiya nizamnaməsini imzalayıb və rəsmi olaraq qoşulduqlarını elan edib ki, bu da koalisiyanın effektiv şəkildə fəaliyyətə başlamasını, institusional və əməliyyat mərhələsinə keçdiyini göstərir.
Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Qərb Donanması Komandanlığının bazasında keçirilən görüşdə 39 ölkənin nümayəndəsi iştirak edib. Qalan dövlətlər koalisiyada iştiraklarını rəsmiləşdirmək prosesini davam etdirirlər.
Qeyd edək ki, iyulun 20-də Yəmənin üsyançı hərəkatının hərbi sözçüsü Yəhya Səria Səudiyyə Ərəbistanına qarşı dəniz nəqliyyatına qadağa qoyulduğunu bildirib. Buna cavab olaraq, Ər-Riyadın rəhbərlik etdiyi Səudiyyə Ərəbistanı koalisiyası iyulun 21-də Bab əl-Məndəb boğazında ticarət gəmilərini qorumaq üçün tədbirlər görməyə başladığını açıqlayıb. İyulun 30-da Səudiyyə Ərəbistanı və bir sıra digər dövlətlər Bab əl-Məndəb boğazında, Qırmızı dənizdə və Ədən körfəzində naviqasiya azadlığını, beynəlxalq ticarət yollarını və enerji təchizatını qorumaq üçün Ər-Riyadda qərargahı olan dəniz koalisiyasının yaradıldığını elan ediblər. Qətərin "Əl-Cəzirə" televiziya kanalının məlumatına görə, Banqladeş, Bəhreyn, Cibuti, Misir, İordaniya, Yəmən, Qətər, Komor adaları, Küveyt, Pakistan, Somali, Sudan və Türkiyə alyansa qoşulub.
