ABŞ cümə axşamı günü İrana qarşı dəniz blokadasını qeyri-müəyyən müddətə davam etdirə biləcəyini və Tehrana iqtisadi təzyiqi artıracağını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, müdafiə naziri Pit Heqset jurnalistlərə bildirib: “ABŞ ordusu ölkəyə ciddi iqtisadi ziyan vuran İrana qarşı blokadanı tətbiq etmək üçün regionda dəniz qüvvələrinin mövcudluğunu saxlamaq imkanına malikdir”.
Heqset Panamaya səfəri zamanı qeyd edib: “ABŞ Hərbi Dəniz Qüvvələri belə bir blokadanı qeyri-müəyyən müddətə saxlaya bilər, çünki biz gəmilərin rotasiyasını aparacağıq, necə ki, bunu etmişik və etməyə davam edəcəyik”.
“Reuters” agentliyinin məlumatına görə, maliyyə naziri Skott Bessent cümə axşamı günü bildirib ki, ABŞ maliyyə cəhətdən İrana daha böyük ziyan vurmağı planlaşdırır.
Bessent “Newsmax”da yayımlanan “Rob Schmitt Tonight” verilişinin efirində deyib: “Bizi izləməyə davam edin, gələn həftə daha çox açıqlama olacaq, çünki iqtisadi təcrid tarixində görünməmiş tədbirlər tətbiq edəcəyik”.
Prezident Donald Tramp ABŞ-nin boğaza “tam nəzarət” etdiyini dəfələrlə iddia edib və bu, İranın təkziblərinə səbəb olub. Tehran bildirib ki, onun şərtləri yerinə yetirilənə qədər su yolunu açmayacaq. Bunlara iqtisadi sanksiyaların qaldırılması və dondurulmuş İran aktivlərinin azad edilməsi daxildir.
Qlobal iqtisadiyyat artan təzyiq altındadır. Çərşənbə günü Beynəlxalq Enerji Agentliyi qlobal neft tədarükünün bu il gündə 4,3 milyon barel və ya təxminən 4 faiz azalacağını proqnozlaşdırıb
