Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

A- A A+

Almaniyanın müxtəlif bölgələrində, xüsusilə də Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts əyalətlərində uzunsürən quraqlıq və yüksək temperatur səbəbindən kütləvi meşə yanğınları tüğyan edir.

NUHÇIXAN yerli mediaya istinadla xəbər verir ki, Şimali Reyn-Vestfaliyanın Hirtqenvald ərazisində 200 hektardan çox sahəni əhatə edən yanğının əyalət tarixində ən böyük meşə yanğını olduğu bildirilir. Alovların yaşayış məntəqələrinə yaxınlaşması ilə əlaqədar 2 mindən çox sakin təxliyə edilib. Yanğınla mübarizəyə yüzlərlə yanğınsöndürən, polis, Bundesver hərbçiləri və ağır texnika cəlb olunub. Ərazidə İkinci Dünya müharibəsindən qalmış sursatların partlama riski xilasetmə əməliyyatlarını daha da mürəkkəbləşdirir.

Analoji mürəkkəb vəziyyət Reynland-Pfalts əyalətində də yaşanır. Mayen-Koblens rayonunda bəzi kəndlərin sakinlərinə təxliyəyə hazırlıq barədə xəbərdarlıq edilib. Baş verən fəlakətlər nəticəsində indiyədək beş nəfərin xəsarət aldığı bildirilir.

Eyni zamanda, anomal istilər səbəbindən Reyn çayında və Bodense gölündə suyun səviyyəsi rekord həddə düşüb.

Almaniya Kansleri Fridrix Merts təbii fəlakətlə mübarizə aparan xilasetmə qüvvələrinə X platformasındakı paylaşımında minnətdarlığını bildirib.

Yaşıllar Partiyası və Bələdiyyələr Birliyi baş verənlərin iqlim dəyişikliyinin fəsadı olduğunu vurğulayaraq, hökumətdən meşələrin qorunması, yanğınların qarşısının alınması və yanğınsöndürmə xidmətlərinin təchizatı üçün federal büdcədən əlavə maliyyə vəsaitinin ayrılmasını tələb ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: