Fransada 2027-ci il prezident seçkilərinə səkkiz ay qalmış xarici müdaxilə və dezinformasiya təhlükəsi siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Bir sıra namizədlərin Rusiyaya aid olduğu bildirilən onlayn dezinformasiya kampaniyalarının hədəfinə çevrilməsindən sonra hökumət və siyasi partiyalar seçki prosesinin qorunması ilə bağlı müxtəlif təkliflər irəli sürürlər.
NUHÇIXAN xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkəsinin demokratik müzakirələrlə bağlı istənilən xarici müdaxiləyə dözməyəcəyini bildirib. Hökumətin iyulun sonunda təqdim etdiyi qanun layihəsi seçki dövründə saxta məlumatların yayılmasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur. Belə hallarda həbs cəzasının üç ilədək və 45 min avro cəriməyədək artırılması, xarici dövlət və ya təşkilatın maraqlarına xidmət edən müdaxilələr zamanı isə daha ağır cəza tətbiqi təklif olunur.
“Əyilməz Fransa” (La France insoumise LFI) seçkilərin müdafiəsi üçün 13 təklif irəli sürüb. Partiya xarici müdaxilələri müəyyənləşdirmək və koordinasiya etmək üçün “Ali Seçki Hakimiyyəti”nin yaradılmasını, seçki dövründə siyasi hədəfləmənin məhdudlaşdırılmasını və süni intellekt vasitəsilə namizədləri gözdən salmaq və ya təbliğ etmək məqsədilə saxta məzmunların hazırlanmasının qadağan edilməsini təklif edir. LFI həmçinin Viginum, ANSSI və CNIL kimi proqramların imkanlarının artırılmasını istəyir.
“Place publique” partiyası isə əsas diqqəti Avropa İttifaqının mövcud qanunvericiliyinə yönəldir. Partiya “Digital Services Act” və “Digital Markets Act” kimi mexanizmlərin böyük texnologiya şirkətlərinə daha sərt şəkildə tətbiq edilməsini tələb edir. Ekoloqlar sosial şəbəkələrin, xüsusilə “X” platformasının daha ciddi tənzimlənməsini, xarici müdaxilə müəyyən edildikdə platformaların seçki dövründə fəaliyyətinin məhdudlaşdırılmasını və media sahəsində plüralizmin gücləndirilməsini təklif edirlər.
Sosialist Partiyası hesab edir ki, Fransada xarici müdaxilələrə qarşı artıq kifayət qədər hüquqi mexanizmlər mövcuddur. Bununla belə, partiya Viginum-un resurslarının artırılmasını və seçki dövründə xarici təsir əməliyyatlarının aşkarlanması və hüquqi təqibi üçün mövcud mexanizmlərin gücləndirilməsini zəruri sayır. “Renaissance” partiyası seçicilərin saxta və təsdiqlənmiş məlumatları ayırd edə bilməsi üçün müdaxilə halları barədə ictimaiyyətin vaxtında məlumatlandırılmasını və seçki qərargahlarının texniki təhlükəsizliyinin artırılmasını müdafiə edir.
Beləliklə, Fransanın əsas siyasi qüvvələri xarici müdaxilə təhlükəsinin mövcudluğu ilə bağlı ümumən həmrəy olsa da, ona qarşı mübarizənin yolları barədə ciddi fikir ayrılıqları qalır. Prezident seçkiləri yaxınlaşdıqca sosial şəbəkələrin tənzimlənməsi, dezinformasiyanın qarşısının alınması və seçki prosesinin xarici təsirlərdən qorunması məsələlərinin siyasi müzakirələrin daha da mərkəzinə keçəcəyi gözlənilir.
