İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

A- A A+

İndoneziyanın şərqində baş verən 7,7 maqnitudalı güclü zəlzələ nəticəsində azı 51 nəfər ölüb, torpaq sürüşmələri baş verib və yollar bağlanıb. Təbii fəlakət səbəbindən təxminən 5 min nəfər təxliyə olunub.

NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, bu barədə İndoneziya hakimiyyəti məlumat yayıb.

Şənbə günü Şərqi Nusa-Tenqara əyalətində baş verən zəlzələ nəticəsində 36 nəfər ağır xəsarət alıb, 77 nəfərin isə yüngül yaralandığı bildirilir. Zəlzələdən sonra 341 yeraltı təkan qeydə alınıb. Fəlakət nəticəsində Sikka rayonunda 3300-dən çox insan öz təşəbbüsü ilə təhlükəsiz ərazilərə köçüb və ya idman arenasında qalmağa məcbur olub. Dağılan evlərin sakinlərindən bəziləri çadırlarda gecələyib, yaralılara isə müvəqqəti tibbi çadırlarda yardım göstərilib.

Sikka rayonunun rəhbərinin müavini Saymon Subandi bildirib ki, əhalinin böyük hissəsi evlərində qalmaqdan qorxur və gecəni eyvanlarda və ya açıq havada qurulan çadırlarda keçirib.

Bölgəyə 3500-dən çox hərbçi və polis əməkdaşı cəlb olunub. Axtarış-xilasetmə qüvvələri torpaq sürüşmələri nəticəsində girişin bağlandığı Maumere şəhərinin bəzi hissələrinə çatmağa müvəffəq olub. İtkin düşənlərin əksəriyyətinin dağıntılar altında qaldığı bildirilir.

İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyinin məlumatına görə, 1300-dən çox evə ziyan dəyib. Elektrik enerjisinin kəsilməsi səbəbindən 20 yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandırıb.

Şərqi Nusa-Tenqara əyalətində fövqəladə vəziyyət elan edilməsi məsələsinə baxılır. Bu qərar hakimiyyət orqanlarına əlavə resurs və maliyyə vəsaitlərini səfərbər etməyə imkan verəcək.

İndoneziyanın Geofizika Agentliyi zəlzələnin baş verdiyi ərazidə 1992-ci ildə 7,5 maqnitudalı zəlzələnin də qeydə alındığını və həmin vaxt geniş dağıntıların baş verdiyini xatırladıb.

Qeyd edək ki, təxminən 290 milyon əhalisi olan İndoneziya tektonik plitələrin toqquşduğu və yüksək seysmik aktivliyi ilə seçilən Sakit okeanın “Od halqası” üzərində yerləşir. Buna görə ölkədə tez-tez zəlzələlər və vulkan püskürmələri baş verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: