Böyük Britaniyanın Baş naziri Endi Börnhem ABŞ Prezidenti Donald Trampın aparat rəhbəri kimi özünü təqdim edən şəxslə mesaj mübadiləsi aparıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ilk olaraq “Politico” məlumat yayıb. Hökumət rəsmiləri bildiriblər ki, E.Börnhem Donald Trampın aparat rəhbəri Syuzi Uayls olduğunu iddia edən şəxslə bir neçə mesaj mübadiləsi aparıb. Baş nazir sonradan əlaqənin saxta ola biləcəyindən şübhələnib. Mənbələrin sözlərinə görə, tərəflər arasında telefon danışığı olmayıb və ünsiyyət yalnız yazılı mesajlarla məhdudlaşıb. Əhəmiyyətli məzmun daşıyan heç bir mesaj göndərilməyib. Şübhə yarandıqdan dərhal sonra məsələ müvafiq qurumlara bildirilib.
Dauninq Strit hadisə ilə bağlı ətraflı şərh verməkdən imtina edib. Hökumət sözçüsü milli təhlükəsizlik məsələlərini şərh etmədiklərini açıqlayıb.
Qeyd edək ki, BBC daha əvvəl Syuzi Uaylsın şəxsi telefonunun ötən ilin mayında sındırılması ilə bağlı ABŞ Federal Təhqiqat Bürosunun (FBI) araşdırma apardığını xəbər vermişdi. Həmin vaxt Uayls bildirmişdi ki, onun telefonundakı əlaqə məlumatlarından istifadə edən şəxs və ya şəxslər özlərini onun adından təqdim edərək ABŞ-ın yüksək vəzifəli rəsmilərinə mesajlar göndəriblər. Bu hadisə Uaylsın hökumət telefonuna deyil, şəxsi telefonuna aid olub. Saxta mesajları alanlar arasında ABŞ senatorları, qubernatorlar və iri şirkətlərin rəhbərlərinin də olduğu bildirilirdi.
