Böyük Britaniyada rekord istilər və uzunmüddətli quraqlıqla müşayiət olunan yaydan sonra hava şəraitinin dəyişəcəyi gözlənilir.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, Surrey qraflığının Visli bölgəsində artıq 60 gündür yağıntı qeydə alınmayıb. İngiltərə və Uelsin əksər ərazilərində də uzun müddətdir yağış yağmaması quraqlığa səbəb olub. Bu həftə ölkənin bəzi bölgələrində yağış gözlənilsə də, yağıntıların quraqlıq şəraitini əhəmiyyətli dərəcədə dəyişəcək səviyyədə olmayacağı bildirilir.
Yaxın günlərdə havanın nəzərəçarpacaq dərəcədə sərinləşəcəyi, temperaturun ölkə üzrə mövsüm normasından aşağı düşəcəyi proqnozlaşdırılır. Bəzi ərazilərdə gecə saatlarında temperaturun 3 dərəcəyədək enəcəyi gözlənilir.
İngiltərənin cənubunda təxminən iki aydır çaylarda və su anbarlarında suyun səviyyəsi ciddi şəkildə aşağı düşüb. Hazırda bütün Uels və İngiltərənin böyük hissəsində quraqlıq hökm sürür.
