ABŞ-dəki Türkiyə diasporunun qeyri-hökumət təşkilatları beşinci nəsil F-35 təyyarələrinin Türkiyəyə tədarükü və Ankaraya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması məsələləri ilə bağlı Amerika Konqresinin üzvlərinə birgə məktubla müraciət ediblər.
NUHÇIXAN xəbər verir ki, sənəd ABŞ-nin 50-dən çox qanunvericisinə ünvanlanıb və Türkiyə lobbisinin nümayəndələri onların əksəriyyəti ilə şəxsən görüşüblər.
Konqresmenlərə təqdim olunan məktubda regional və qlobal proseslər fonunda Ankara ilə Vaşinqton arasındakı müttəfiqliyin əhəmiyyətinə diqqət çəkilib.
“F-35-lərin Türkiyəyə tədarükünə dəstək NATO-nun bütövlüyünə, regional sabitliyə və real dəyərə malik ikitərəfli münasibətlərə investisiyadır”, – deyə məktubda vurğulanır və Türkiyənin müdafiə sənayesinin artan nüfuzuna diqqət çəkilir. Bildirilir ki, bu, Avropanın öz təhlükəsizliyinə görə daha böyük məsuliyyət daşıması ilə bağlı Vaşinqtonun məqsədlərinə uyğundur.
Məktubda qeyd olunur ki, F-35 təyyarələrinin Türkiyəyə tədarükü ilə bağlı müqavilənin təsdiqlənməsi, həm də Ankaranın Vaşinqton və NATO standartlarına cavab verən tədarükçülərlə daha sıx əməkdaşlığının davam etdirilməsinə töhfə verəcək.
“Məsuliyyətli regional aktor kimi Türkiyə Rusiya-Ukrayna müharibəsində həqiqi vasitəçilik rolunu oynayır və Suriyada sabitliyin təmin edilməsi istiqamətində çalışır”, – deyə məktubda diqqətə çatdırılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Ağ Ev rəhbərindən beşinci nəsil F-35 təyyarələri ilə bağlı təminat aldığını bildirib. “Prezident Donald Trampın verdiyi vədləri yerinə yetirməsini gözləyirik”, – deyə Türkiyə lideri vurğulayıb.
