Dünyanın ən böyük avtomobil şüşəsi istehsalçısı olan Çinin “Fuyao Group” şirkəti fotoelektrik elementlərlə təchiz edilmiş panoram damların kütləvi istehsalına hazır olduğunu təsdiqləyib. Günəş elementləri birbaşa çoxqatlı laminasiya edilmiş avtomobil şüşəsinə inteqrasiya olunur və üzərinə düşən işığı elektrik enerjisinə çevirir. Bu enerji mühərrikləri qidalandırmaq üçün kifayət etməyəcək, lakin kondisioner və digər sistemlər üçün tam yetərlidir.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, texnologiya artıq laboratoriya prototipi mərhələsindən çıxıb. “Fuyao” hələ 2024-cü ilin mayında investorlara belə şüşələrin seriyalı istehsalının mümkün olduğunu və müştərilərin sifarişi əsasında tədarük edilə biləcəyini bildirmişdi. Buna görə də şirkətin hazırkı açıqlaması daha geniş kommersiya tətbiqinə keçiddən xəbər verir. Şirkətin məlumatına görə, fotoelektrik modullar şüşə konstruksiyasının daxilində yerləşdirilir, p–n keçidlərində yaranan gərginlik və cərəyan isə avtomobilin bort elektrik şəbəkəsi tərəfindən istifadə oluna bilər.
Çin mənbələri daha əvvəl “Fuyao”nun bu yeniliyini “BYD” şirkəti ilə əlaqələndirib və Günəş damının “Han” və “Tang” modelləri üçün təxminən 8000 yuan (təxminən 1190 dollar) müqabilində əlavə seçim kimi təklif oluna biləcəyini bildiriblər. Həmçinin sistemin pik gücünün 720 vatt, fotoelementlərin faydalı iş əmsalının 23,18 faiz olduğu və heterokeçidli silisium elementlərindən (HJT) istifadə edildiyi barədə məlumatlar yayılıb. Lakin bu göstəriciləri hələlik rəsmi təsdiqlənmiş hesab etmək olmaz, belə ki, nə “Fuyao”, nə də “BYD” sistemin birgə texniki təsvirini dərc edib. “Fuyao” investorlarla keçirilən görüşdə də məhsulun sifarişçilərinin kimliyini və qiymətini açıqlamaqdan imtina edib və bunun kommersiya sirri olduğunu bildirib.
Minik avtomobilinin damının sahəsi belə bir sistemin elektrik şəbəkəsi ilə tam doldurulmanı əvəz etməsi üçün kifayət qədər böyük deyil. Lakin damda Günəş enerjisi vasitəsilə elektrik istehsalı avtomobilin köməkçi sistemlərinin işləməsi üçün faydalı ola bilər. Məsələn, avtomobil dayanarkən bu enerji salonun ventilyasiyasını, elektronikanı və digər az enerji sərf edən sistemləri işlədə, bununla da əsas akkumulyatorun enerjisinin daha az tükənməsinə kömək edə bilər.
