“Google” süni intellektə əsaslanan və adi smartfon kamerasının köməyi ilə bədən tərkibini müəyyən etməyə şərait yaradan “PhotoScan” texnologiyası haqqında məlumat verib.
NUHÇIXAN xəbər verir ki, şirkətin bildirdiyinə görə, texnologiyanın verdiyi nəticələrin dəqiqliyi rentgen görüntülərinin dəqiqliyinə yaxındır.
Ötən həftə “Google” yeni “Pixel 11” smartfonlarını və “Pixel Watch 5” ağıllı saatını təqdim edib. Ən mühüm yeniliklərdən biri “Insulin Resistance Trends” funksiyasına malik “Health Guardian” alətlər dəsti olub. Bu funksiya orqanizmin qanda şəkərin kəskin yüksəlməsinə reaksiyasını aylıq təhlil edir. Bu göstərici çəkiyə nəzarət və ikinci tip diabetin inkişafının izlənməsi baxımından əhəmiyyətlidir. İnsulin müqavimətinin və metabolik sağlamlığın mühüm göstəricilərindən biri bədən tərkibinin, yəni müxtəlif növ piylərin, skelet əzələlərinin və sümüklərin nisbətinin təhlilidir. Bədən tərkibinin təhlili üçün xüsusilə, DXA rentgen müayinəsindən və bəzi ev cihazlarından istifadə olunur. “Samsung Galaxy Watch Ultra 2”də isə “bioelektrik impedans analizi” (BIA) funksiyası mövcuddur. Belə ki, bu zaman insanın bədənindən zəif elektrik cərəyanı keçirilir və cərəyan piy, əzələ və sümük toxumalarından müxtəlif şəkildə keçdiyinə görə onların nisbətini qiymətləndirmək mümkün olur.
“Google” alternativ olaraq yalnız smartfon kamerasından və kameranın çəkdiyi görüntünü təhlil edən süni intellekt modelindən istifadə edən “PhotoScan” texnologiyasını təklif edib. Axtarış nəhəngi “PhotoScan” texnologiyasını insanların smartfonlarla çəkilmiş şəkillərini tibbi DXA müayinələrinin nəticələri və insanlarla bağlı digər məlumatlarla müqayisə etməklə hazırlayır. Daha sonra bütün bu məlumatlar süni intellekt vasitəsilə emal edilir. Bu şəkildə öyrədilmiş model orqanizmdə piy faizini və digər göstəriciləri qiymətləndirərkən “DXA ilə yüksək uyğunluq” nümayiş etdirib. Nəticədə insulin müqavimətinin qiymətləndirilməsi zamanı DXA müayinəsinə yaxın dəqiqlik əldə etmək mümkün olub.
Texnologiya hələ bazara çıxarılmayıb. Lakin “Google” bildirir ki, o, “smartfonların köməyi ilə bədən tərkibinin qiymətləndirilməsinin mümkünlüyünü nümayiş etdirir”. Bu həllin gələcəkdə “Pixel” smartfonlarında da tətbiq ediləcəyi istisna olunmur.
