İyulun sonunda və avqust ayında İsveçin şimalında keçirilən “Urkult” festivalından sonra ölkədə yeni qızılca xəstəliyinin yayılması davam edir.
NUHÇIXAN İsveçin İctimai Səhiyyə Agentliyinə istinadla xəbər verir ki, son sutka ərzində daha 10 yoluxma halı təsdiqlənib və beləliklə, xəstələrin ümumi sayı 21-ə çatıb. Qızılca artıq ölkənin yeddi regionunda qeydə alınıb. Xəstələrin əksəriyyəti peyvənd olunmamış uşaqlar və 18 yaşadək yeniyetmələrdir.
Epidemioloqların sözlərinə görə, xəstələrin sayının artacağı ehtimal olunur. Buna səbəb qızılcanın maksimal inkubasiya dövrünün 21 gün olması, eləcə də yoluxmuş şəxslərin ailə üzvləri arasında yeni yoluxma hallarının başvermə ehtimalıdır. Hakimiyyət orqanları epidemioloji araşdırma aparır və festivalın bütün iştirakçılarını səhhətlərini diqqətlə izləməyə çağırır.
Qızılca qızdırma, tənəffüs yolları və dəri ilə bağlı simptomlara səbəb olur. Bəzi hallarda xəstəlik pnevmoniya kimi daha ciddi fəsadlara, ağır hallarda isə ölümə səbəb ola bilər. Yoluxmuş şəxs səpgilər meydana çıxmazdan dörd gün əvvəl və səpgilər yarandıqdan sonrakı dörd gün ərzində ətrafındakı insanları yoluxdura bilər. Yoluxmaq üçün xəstə şəxslə eyni otaqda olmaq və ya həmin şəxs otaqdan çıxdıqdan sonra iki saat ərzində oraya daxil olmaq kifayətdir.
Bununla yanaşı, mütəxəssislər ölkədə peyvəndlənmənin səviyyəsinin yüksək olması səbəbindən genişmiqyaslı epidemiyanın başvermə riskini aşağı qiymətləndirirlər. Hazırda İsveç əhalisinin təxminən 95 faizi qızılcaya qarşı peyvənd olunub ki, bu da kollektiv immuniteti təmin edir. Alimlər vurğulayırlar ki, peyvənd xəstəlikdən və onun fəsadlarından qorunmağın təhlükəsiz və ən effektiv üsuludur.
