Qrenlandiyada əriyən buzlaqlar balinalara yeni yaşayış sahələri açır

A- A A+

Qrenlandiyada iqlim dəyişikliyinin təsiri ilə dənizlərin isinməsi və buz örtüyünün azalmasının əvvəllər bölgəyə nadir hallarda çata bilən iri balina növləri üçün yeni yaşayış sahələri yaratdığı və dəniz ekosistemində mühüm dəyişikliklərə səbəb olduğu müəyyən edilib.

NUHÇIXAN xəbər verir ki, beynəlxalq tədqiqat qrupu Qrenlandiyada son 20 il ərzində dəniz temperaturunda və buzlaq şəraitində baş verən dəyişiklikləri araşdırıb.

Araşdırmalar nəticəsində alimlər müəyyən ediblər ki, əvvəllər sıx buz örtüyü səbəbindən Qrenlandiyanın şərq sularına çıxışı məhdud olan donqar balinalar, sei balinaları və minke balinaları su temperaturunun yüksəlməsi və buzlaqların əriməsi ilə əlaqədar bölgədə daha tez-tez görünməyə başlayıb.

Tədqiqatçılar bölgənin həmin balina növləri üçün yeni yaşayış sahəsinə çevrildiyini bildiriblər. Onların bu sularda intensiv şəkildə qidalanmağa başlaması Qrenlandiyanın dəniz ekosistemində baş verən genişmiqyaslı transformasiyanın göstəricilərindən biri kimi qiymətləndirilir.

Alimlər iqlim dəyişikliyinin təsiri ilə baş verən ekoloji dəyişikliklərin Qrenlandiyanın dəniz ekosistemini sürətlə transformasiya etdiyini, qida zəncirini, eləcə də yırtıcı–ov münasibətlərini əhəmiyyətli dərəcədə dəyişdirdiyini qeyd ediblər.

Tədqiqatçılar balinaların qidalandığı balıq növlərinin də Qrenlandiyanın şərq sahillərinə doğru yayıldığını və bunun nəticəsində bölgədə yeni qida mənbələrinin meydana gəldiyini müəyyən ediblər.

Tədqiqatın aparıcı müəllifi, Qrenlandiya Təbii Sərvətlər İnstitutunun professoru Mads Peter Heide-Jorgensen həmin balina növlərinin bölgədə daha çox görünməsini “böyük ekoloji dəyişiklik” kimi qiymətləndirib.

Heide-Jorgensen balina növlərinin dəyişən şəraitə uyğunlaşdığını bildirib və bunun bütün Arktika canlılarına aid olmadığını vurğulayıb.

“İqlim dəyişikliyi bəzi növlər üçün yeni imkanlar yaradır, digərlərinin isə yaşayış sahələrini itirməsinə səbəb ola bilər”, – deyə Heide-Jorgensen bildirib.

Araşdırmanın nəticələri “Frontiers in Marine Science” jurnalında dərc olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: