Dünyanın ən yaşlı insanı hesab olunan Etel Katerhem 117 yaşını qeyd edir.
NUHÇIXAN “The Telegraph”a istinadla xəbər verir ki, 1909-cu ildə, Kral VII Eduardın hakimiyyəti dövründə anadan olan Etel Katerhem hazırda İngiltərənin Surrey qraflığında qocalar evində yaşayır. O, 117-ci doğum gününü ailəsi və dostları ilə birlikdə qeyd edir. Etel Katerhem ad günü münasibətilə ünvanlanan təbriklərə görə təşəkkürünü bildirib.
Etel Katerhem 2025-ci ilin aprelində 116 yaşlı braziliyalı rahibə İnah Kanabarro Lukasın vəfatından sonra dünyanın ən yaşlı yaşayan insanı olub. Kral III Çarlz ötən ilin sentyabrında, onun 116-cı doğum günündən qısa müddət sonra Etel Katerhemi ziyarət edib. Görüş zamanı o, Kralın 21 yaşında olduğu 1969-cu ildə Uels Şahzadəsi elan edilməsi mərasimini xatırladaraq həmin vaxt bütün qızların ona aşiq olduğunu və onunla evlənmək istədiyini söyləyib.
