Milli Birlik (RN) partiyasının lideri Marin Lö Pen Fransanın artan dövlət borcunu və rekord borclanma faizlərini Makron hakimiyyətinin nəticəsi kimi qiymətləndirib. Onun açıqlaması keçmiş hökumət üzvlərinin sərt reaksiyasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Milli Birlik partiyasının prezidentliyə namizədi Marin Lö Pen X sosial şəbəkəsində Fransanın maliyyə vəziyyətini sərt şəkildə tənqid edib. O, ölkənin borclanma faizlərinin 2008-ci il maliyyə böhranından bəri ən yüksək səviyyəyə çatdığını bildirərək bunu Emmanuel Makronun hakimiyyətdə olduğu on ilin amansız nəticəsi adlandırıb.
Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4,1 faizə yüksəlib. Lö Pen dövlət maliyyəsinin vəziyyətini təsvir edərkən “Avgi tövlələrini təmizləməyin vaxtıdır” ifadəsini işlədib. Qədim yunan mifologiyasına istinad edən bu ifadə böyük və uzun müddət yığılmış problemi kökündən həll etmək mənasında istifadə olunur.
RN-nin lideri, həmçinin dövlət büdcəsindəki xərcləri “qarşılığını indi ödəməli olduğumuz təminatsız çeklər” adlandırıb.
Makronun keçmiş nazirlərindən cavab
Makronun keçmiş iqtisadiyyat naziri Bruno Lö Mer Lö Penin ittihamlarına dərhal reaksiya verib. O bildirib ki, özü qənaət tədbirləri təklif etdiyi zaman RN yeni xərclər tələb edib.
Lö Mer faiz dərəcələrinin yüksəlməsini 2017-ci ildən həyata keçirilən iqtisadi siyasətdən geri çəkilmə və pensiya islahatının dayandırılması ilə əlaqələndirib. O, xüsusilə bu islahatın RN tərəfindən də tələb edildiyini vurğulayıb.
Baş nazir Sebastyən Lökornü isə növbəti büdcə ilə bağlı yayılan bəzi qənaət planlarını, o cümlədən tələbələr üçün mənzil yardımının ləğv ediləcəyi barədə məlumatları təkzib edib. O, fransızları narahat etmək məqsədilə təsdiqlənməmiş qərarların yayılmasına görə qəzəbli olduğunu bildirib.
