Vatikan bərpa olunan enerji mənbələri ilə işləyən elektrik stansiyası tikməyi planlaşdırır.
NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir ki, təxminən 100 milyon avro dəyərində olan layihə Romanın şimal-qərb ətrafındakı Santa-Mariya-di-Qaleriya kompleksinin ərazisində 80-90 MVt gücündə elektrik stansiyasının tikintisini nəzərdə tutur.
Zəruri icazələrin alınması və inzibati prosedurların həyata keçirilməsi nəzərə alınmaqla elektrik stansiyasının tikintisi 18 aydan 24 aya qədər vaxt apara bilər.
Günəş panellərinin təxminən 200 hektar ərazidə yerləşdirilməsi planlaşdırılır ki, bu da Santa-Mariya-di-Qaleriya kompleksi ərazisinin demək olar ki, yarısını təşkil edir.
Elektrik stansiyası Vatikan radiosunun ötürücü stansiyasını elektrik enerjisi ilə təmin edəcək və Vatikanın tam enerji müstəqilliyinə nail olmasına töhfə verəcək. İstehsal olunan elektrik enerjisinin artıq qalan hissəsi İtaliyaya tədarük ediləcək.
Layihə İtaliya və Vatikan arasında ikitərəfli razılaşma çərçivəsində xüsusi status alıb. O, xüsusilə İtaliya tərəfindən vergi və dövlət rüsumlarından azad olunmanı nəzərdə tutur.
Yaxın həftələrdə layihə çərçivəsində tenderlərin elan edilməsi planlaşdırılır. Vatikan layihənin təfərrüatlarını rəsmi olaraq açıqlamayıb.
