Britaniyada məzunlar üçün iş bazarı rekord səviyyədə zəifləyib

A- A A+

Böyük Britaniyada universitet məzunları üçün iş bazarı son illərin ən aşağı səviyyəsinə düşüb.

NUHÇIXAN “The Telegraph”a istinadla xəbər verir ki, iyul ayında universitet məzunları üçün cəmi 8 min 383 vakansiya elan edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz azdır və müvafiq statistikanın aparılmağa başlandığı 2016-cı ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Məzunlar üçün vakansiyaların kəskin azalması ali təhsilə qəbul olunan gənclərin sayının rekord həddə çatdığı bir dövrə təsadüf edir. Bu ay “A-level” imtahanlarının nəticələrinə əsasən, 262 min 820 nəfər 18 yaşlı gənc universitetdə təhsil almaq üçün yer əldə edib. Bildirilir ki, işəgötürənlər ilkin səviyyəli vəzifələr üzrə işə qəbulu azaldırlar. Buna səbəb kimi işəgötürənlərin ödədiyi milli sığorta haqlarının və minimum əməkhaqqının artırılması göstərilir. Bu dəyişikliklər təcrübəsi az olan əməkdaşların işə götürülməsini şirkətlər üçün daha bahalı edib.

Eyni zamanda, süni intellekt texnologiyalarının sürətli inkişafı da məzunlar üçün iş imkanlarına təsir göstərir. Böyük şirkətlər, o cümlədən aparıcı audit və konsaltinq şirkətləri əvvəllər yeni məzunların yerinə yetirdiyi bir sıra inzibati işləri süni intellekt proqramları vasitəsilə həyata keçirməyə çalışırlar. Ötən ay məzunlar üçün elan edilən vakansiyalarda orta illik əməkhaqqı 25 min 813 funt sterlinq təşkil edib. Bu göstərici saatda 12,71 funt sterlinq minimum əməkhaqqı ilə tam ştatlı işdə əldə olunan illik gəlirə yaxın səviyyədədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: