Türkiyə XİN: ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmasını məmnuniyyətlə qarşılayırıq
ABŞ-nın Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmaq qərarını məmnuniyyətlə qarşılayırıq. Bu istiqamətdə iradə nümayiş etdirən ABŞ Administrasiyasının və prosesə dəstək verən ABŞ Konqresinin konstruktiv yanaşmasını yüksək qiymətləndirir, Suriya hökumətini və xalqını nümayiş etdirdikləri qətiyyətli mövqeyə görə təbrik edirik.
NUHÇIXAN xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mövzu ilə bağlı açıqlamasında yer alıb.
Açıqlamada qeyd edilib ki, Türkiyənin də uzun müddətdir dəstəklədiyi bu mühüm addımla Suriyanın iqtisadi baxımdan dirçəlməsi və yenidən qurulması qarşısındakı ən böyük maneələrdən biri aradan qaldırılıb.
“İnanırıq ki, bu qərar Suriyanın beynəlxalq ictimaiyyətlə əlaqələrinin gücləndirilməsinə, habelə ölkədə təhlükəsizlik və sabitliyin davamlı şəkildə bərqərar olunması istiqamətində göstərilən səylərə təkan verəcək.
Bu dövrdə beynəlxalq ictimaiyyəti də səylərini firavan Suriya naminə birləşdirməyə və bu baxışı təhlükə altına atan təcavüzkar əməllərə son qoyulması üçün üzərinə düşən məsuliyyətləri yerinə yetirməyə çağırırıq” - deyə XİN-in açıqlamasında bildirib.
