Amur qaz-kimya kompleksində (QKK) baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, daha 9 nəfərin taleyi isə məlum deyil.
NUHÇIXAN xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Axtarış-xilasetmə işləri zamanı podratçı təşkilatın əməkdaşları olan 4 Çin vətəndaşının meyiti aşkarlanıb. Beləliklə, bir Rusiya vətəndaşı və 6 Çin vətəndaşı olmaqla, ümumilikdə 7 nəfərin öldüyü təsdiqlənib. Daha 9 Çin vətəndaşının taleyi məlum deyil. Axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisədən sonra ümumilikdə 152 nəfər tibbi yardım üçün müraciət edib.
İlkin məlumata görə, yanğın piroliz qurğusunun köməkçi texnoloji sahəsində baş verib.
Hadisə ilə bağlı təhlükəli istehsalat obyektlərinin sənaye təhlükəsizliyi tələblərinin pozulması faktı üzrə cinayət işi araşdırılır.
Amur QKK Rusiyanın “SİBUR” şirkətinin 60 faiz, Çinin “Sinopec” şirkətinin isə 40 faiz paya sahib olduğu birgə layihədir. Kompleks polietilen və polipropilen istehsalı üzrə dünyanın ən iri müəssisələrindən birinə çevriləcək.
