Amerika Birləşmiş Ştatları (ABŞ) Cənubi Koreya və Yaponiya ilə bilrikdə üçtərəfli hərbi təlim keçirəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Komandanlığı (PACOM) məlumat yayıb.
PACOM-un sözçüsü leytenant Çloe Morqan “Yonhap” agentliyinə bildirib ki, Yaponiya Özünümüdafiə Qüvvələri və Koreya Respublikası Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq çərçivəsində ABŞ Sakit Okean Komandanlığı 2026-cı il üçün "Freedom Edge" təliminin icrasına hazırlaşır.
"Bu aparıcı çoxsahəli təlim ortaq dəyərlərimizi möhkəmləndirməyə, ortaq qarşılıqlı fəaliyyətimizi artırmağa, Sakit okeanda sülh və sabitliyi təmin etmək üçün müdafiə tərəfdaşlığımızı daha da gücləndirməyə davam edəcək", - deyə PACOM-un sözçüsü bildirib. Çloe Morqan builki təlimin miqyası barədə məlumat verməkdən imtina edib.
Qeyd edək ki, "Freedom Edge" təlimi 3 ölkə liderinin 2023-cü ilin avqustunda keçirilən üçtərəfli Kemp Devid Zirvə görüşünün əsas nəticələrindən biridir. Bu, ABŞ və onun Asiyadakı əsas müttəfiqləri arasında üçtərəfli təhlükəsizlik əməkdaşlığının institusionallaşdırılmasında irəliyə doğru əhəmiyyətli bir addım hesab olunur. Seul və Vaşinqton Prezident Donald Trampın Pentaqona Cənubi Koreya ilə təlimləri azaltmağı əmr etməsindən sonra ikitərəfli “Ulçi azadlıq qalxanı” təliminin müddətini və miqyasını yarıya endirib. Bu kontekstdə “Freddom Edge” təliminin plan üzrə keçiriləcəyinə dair suallar var. Donald Tramp ikitərəfli təlimləri potensial olaraq Şimali Koreyaya "uyğunsuz və düşmən" mesaj göndərmək kimi təsvir edib. Bu açıqlama onun Şimali Koreya lideri Kim Çen Inla dialoqu bərpa etmək üçün səylərini yenidən artırdığı vaxta təsadüf edib.
Pxenyan Cənubi Koreyanın və ABŞ-nin iştirak etdiyi hərbi təlimləri işğal üçün məşq kimi qiymətləndirərək pisləyib. Şimali Koreya liderinin bacısı Kim Yo-Conq təlimləri Seul və Vaşinqton üçün "pis nəticələr" gətirəcək "ehtiyatsız güc nümayişi" adlandırıb.
