Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar
Almaniyanın Maqdeburq şəhərində miqrant mənşəli sahibkarlar irqçiliyə və ayrı-seçkiliyə etiraz olaraq müəssisələrini bir neçə saatlıq bağlayıblar.
NUHÇIXAN yerli mediaya istibadla xəbər verir ki, aksiya Saksoniya-Anhalt əyalətində qarşıdan gələn parlament seçkiləri ərəfəsində miqrantların cəmiyyətin ayrılmaz hissəsi olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Aksiyaya 120-dən çox sahibkarın qoşulduğu bildirilir.
Bu təşəbbüsə xidmət və ticarət sahələrində çalışan miqrant mənşəli şəxslər qatılıblar. Aksiya iştirakçılarının əyalət parlamentinin binası qarşısında tələblərini səsləndirməsi planlaşdırılıb.
Məsələ Almaniya iqtisadiyyatında miqrasiyanın rolunu da gündəmə gətirib. Araşdırmalara əsasən, xarici işçi qüvvəsinin azalması, xüsusilə tikinti, logistika, qida sənayesi və ictimai iaşə sahələrində kadr çatışmazlığını daha da dərinləşdirə bilər. Təkcə ölkədəki həkimlərin təxminən 20 faizinin xaricdə doğulduğu qeyd olunur.
Saksoniya-Anhalt əyalətində sentyabrın 6-da keçiriləcək seçkilər öncəsi miqrasiya siyasəti əsas müzakirə mövzularından biridir. İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası miqrasiya siyasətinin sərtləşdirilməsini və deportasiyaların artırılmasını müdafiə edir. Müxtəlif iqtisadi qiymətləndirmələr isə miqrasiyanın azalmasının regionda əmək bazarına və iqtisadi artıma mənfi təsir göstərə biləcəyini əks etdirir.
Qeyd edək ki, ötən gün Almaniya Prezidenti Frank-Valter Ştaynmayer miqrant mənşəli vətəndaşların ölkədə birinci və ikinci dərəcəli vətəndaş olmadığını qeyd edərək, onların cəmiyyətdə bərabər hüquqlara malik olduğunu vurğulayıb.
