“Fitch Ratings” beynəlxalq reytinq agentliyi avqustun 28-də Fransanın dövlət borcu üzrə kredit reytinqini yeniləyəcək. Agentliyin əvvəlki qiymətləndirməsində yüksək dövlət borcu və siyasi vəziyyətin maliyyə konsolidasiyasını çətinləşdirməsi vurğulanmışdı. Reytinqin yenidən aşağı salınması istisna edilmir.
NUHÇIXAN xəbər verir ki, agentlik ötən ilin sentyabrından Fransaya “A+” reytinqi verir və ölkənin borcunu orta-yüksəkkeyfiyyətli hesab edir. Reytinq üzrə proqnoz hazırda sabitdir.
“Fitch” mart ayında son qiymətləndirməsində Fransanın yüksək dövlət borcuna və dövlət maliyyəsinin sağlamlaşdırılmasını məhdudlaşdıran siyasi vəziyyətə diqqət çəkmişdi. Bununla yanaşı, agentlik Fransa iqtisadiyyatının və dövlət institutlarının dayanıqlığını müsbət qiymətləndirmişdi. Həmin vaxt “Fitch” 2026-cı ildə Fransanın büdcə kəsirinin ÜDM-in 4,9 faizi səviyyəsində olacağını proqnozlaşdırmışdı.
İqtisadiyyat naziri Rolan Lekür isə hökumətin bu hədəfə çatmasının çətin olacağını etiraf edib.
Fransanın maliyyə vəziyyətinə təzyiq göstərən əsas amillərdən biri dövlətin borclanma xərcləridir. Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi son təxminən 20 ilin ən yüksək səviyyəsinə çatıb və bu, dövlət borcuna xidmət xərclərini artırır.
IESEG institutunun iqtisadi araşdırmalar direktoru Erik Dor hesab edir ki, mövcud şəraitdə “Fitch”in Fransanın reytinqini aşağı salması mümkündür. Onun fikrincə, yay aylarında baş verən isti hava dalğaları və meşə yanğınları, kənd təsərrüfatı istehsalına dəyən zərər, yüksək neft qiymətləri və iqtisadi artım perspektivlərinin zəifləməsi vəziyyəti daha da çətinləşdirir.
Dor, həmçinin qeyd edir ki, Fransanın 10 illik borclanma faizi bir sıra Avropa ölkələrindən xeyli yüksəkdir və bu, maliyyə bazarlarının narahatlığını göstərir.
Ekspertə görə, qarşıdan gələn prezident seçkiləri də reytinq agentliklərinin diqqətində olacaq. Prezident seçkilərinin ikinci turunda Marin Lö Pen və ya Jan-Lük Melanşonun iştirak etməsi ehtimalı, onların iqtisadi proqramlarının bazarlarda yaratdığı narahatlıq səbəbindən əlavə risk faktoru kimi qiymətləndirilə bilər.
