Ali təhsil müəssisələrinə qəbul üzrə mərkəzləşdirilmiş imtahanın (YKS) nəticələrinə əsasən, Türkiyədə bəzi ixtisaslara maraq minimum səviyyədə qalıb.
NUHÇIXAN xəbər verir ki, yeni tədris ilində bir sıra ixtisasların birinci kurslarında yalnız ikinci ilə qalmış tələbələr və ya xarici tələbələr təhsil alacaqlar. Bununla yanaşı, Türkiyə universitetlərində elə fakültələr var ki, burada hər beş müəllimə cəmi bir birinci kurs tələbəsi düşür. Söhbət həm mühəndislik ixtisaslarından, həm də pedaqoji fakültələrdən gedir. Müəllimlər bildirirlər ki, dərslərə “ultra-ixtisaslaşmış fərdi dərsə” gedirmiş kimi daxil olurlar. Məsələn, Şanlıurfada yerləşən “Harran” Universitetində bu il YKS-nin nəticələrinə əsasən “Ekologiya mühəndisliyi” ixtisası üzrə ayrılmış 10 yerin hamısı boş qalıb. Fakültədə bu ixtisas üzrə 11 mütəxəssis, o cümlədən beş professor çalışır. Hazırda burada 28 tələbə təhsilini davam etdirir ki, onların 18-i Suriya və İraq vətəndaşlarıdır.
Ölkənin digər universitetlərində də oxşar vəziyyət müşahidə olunur. Əvvəllər 50 tələbənin təhsil aldığı universitet auditoriyalarında bu gün cəmi iki tələbə görmək mümkündür. Qarsdakı “Qafqaz” Universitetinin “Qida mühəndisliyi” ixtisasında dörd tələbə təhsil alır. Onlardan ikisi Çad, biri Fələstin, yalnız biri isə Türkiyə vətəndaşıdır. Bir professor da daxil olmaqla dörd müəllimin çalışdığı ixtisas üzrə dərslər, demək olar ki, fərdi keçirilir.
Son 2-3 ildə Türkiyənin bir çox universitetində təbiət elmləri üzrə müəllimlik fakültələrinə abituriyentlərin marağının zəif olduğu müşahidə edilir. Məhz bu il Türkiyənin 26 universitetində, o cümlədən Bolu, Kırşehir, Aksaray, Amasya, Bayburt, Yozqat, Sivas, Qars, Burdur, Nevşəhir və Ordu vilayətlərində bu istiqamət üzrə 265 yer boş qalıb.
Hakkari Universitetinin “Təbiət elmləri müəllimliyi” ixtisasında isə cəmi bir tələbə təhsil alır və həmin tələbə də dördüncü kursdadır.
Bir çox ali məktəbdə ümidlər ölkədə dörd ay müddətinə elan edilmiş əlavə yerləşdirmənin, eləcə də “Tələbə amnistiyası”nın nəticələrinə bağlanır. Eləcə də ölkədə dörd ay müddətinə elan olunan əlavə tələbə qəbuluna, eləcə də “Tələbə amnistiyası”nın nəticələrinə ümid bəslənilir.
