“Meta” şirkəti uşaqların “Facebook” və “Instagram” platformalarından asılı vəziyyətə salınması ilə bağlı ABŞ-nin demək olar ki, bütün ştatları ilə məhkəmə iddialarını həll etmək üçün növbəti 10 il ərzində 18 milyard dollaradək ödənişə və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi məhdudiyyətlər tətbiq etməyə razılaşıb.
NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, razılaşmalar “Meta”nın sosial şəbəkələrinin uşaqlara zərər vurması və şirkətin platformaların təhlükəsizliyi barədə ictimaiyyəti yanıltması ilə bağlı federal məhkəmə prosesinə son qoyub.
Razılaşmaya əsasən, yeniyetmələrin “Facebook” və “Instagram”dan istifadəsi gündə iki saatla məhdudlaşdırılacaq. Valideynlərin razılığı olmadığı halda gecə yarısından səhər saat 06:00-dək platformalardan istifadəyə icazə verilməyəcək. Şirkət, həmçinin məktəb saatlarında – 08:00-dan 15:00-dək yeniyetmələrə göndərilən bildirişlərin əksəriyyətini dayandıracaq və uşaqların yaş məhdudiyyəti olan məzmuna çıxışının qarşısını almaq üçün tədbirləri gücləndirəcək.
Bu məhdudiyyətlərin “Snapchat”, “TikTok” və “YouTube” kimi digər sosial media platformalarının da oxşar şərtləri qəbul etməsi halında daha da sərtləşdiriləcəyi bildirilir.
Bununla belə, razılaşma “Meta”nın fərdiləşdirilmiş tövsiyə sistemlərindən və hədəflənmiş reklamdan imtina etməsini nəzərdə tutmur. Şirkət hər hansı qanun pozuntusunu qəbul etmədiyini bildirib.
Məlumata görə, razılaşma sosial media şirkətlərinə qarşı ABŞ-də qaldırılmış minlərlə digər iddianın həlli üçün nümunə ola bilər. Dünyanın müxtəlif ölkələrində də uşaqların zərərli onlayn məzmuna çıxışının məhdudlaşdırılması istiqamətində tədbirlər görülür.
