Almaniya Böyük Britaniyanın dəniz bazalı "Trident" ("Üçdişli nizə") nüvə sisteminə maliyyə investisiyaları barədə danışıqlar aparır, həmçinin Fransanın nüvə çətirinə qoşulmaqda maraqlıdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə "The Telegraph" mənbələrə istinadən yazıb.
Nəşrin məlumatlı həmsöhbətinin sözlərinə görə, Almaniya hakimiyyəti İkinci Dünya müharibəsinə görə günahkarlıq hissi ilə əlaqədar öz nüvə silahını yaratmaq əvəzinə bu variantı üstün tutur.
Qəzet qeyd edib ki, ABŞ-nin Avropadan qoşunlarını çıxaracağı ilə bağlı narahatlıqlar səbəbindən Berlin, London və Paris arasında danışıqlar son aylarda intensivləşib.
Həmçinin bildirilib ki, Almaniyadakı hərbi strateqlər Böyük Britaniyanın çəkindirmə qüvvələrinin fəaliyyətini dəstəkləmək üçün nizami qoşunların göndərilməsi imkanını nəzərdən keçirirlər.
Bura Almaniyanın yerüstü "Patriot" zenit-raket komplekslərinin Böyük Britaniyanın "Trident" donanmasının yerləşdiyi Şotlandiyadakı "Fasleyn" sualtı qayıq bazası kimi əsas məkanlarda yerləşdirilməsi daxil ola bilər.
